AZ

Hüquqşünaslıq ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların tanınmasında müvəffəqiyyət göstəricisi 21.5 faizdir RƏSMİ

Bakı, 16 sentyabr, AZƏRTAC

Hüquqşünaslıq ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son üç imtahan üzrə peşə tanınmasında müvəffəqiyyət göstəricisi cəmi 21.5 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamə əldə edib: “Uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya və Ukrayna ali təhsil müəssisələrinin payına düşür. Belə ki, ötən il oktyabrın 6-da DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ali məktəblərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin yanvarın 30-da təşkil edilmiş imtahanda Rusiyanın ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiyasahiblərinin 84 faizi, Ukrayna ali məktəblərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib”.

Tural Əhmədov qeyd edib ki, hüquqşünaslıq üzrə peşə imtahanında uğursuz nəticə göstərən şəxslər kvalifikasiyalarını əsasən Rusiya Federasiyası üzrə Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu, Saratov Dövlət Hüquq Akademiyası, Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti və Ümumrusiya Dövlət Ədliyyə Universitetindən, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Y.Mudrıy adına Milli Hüquq Universiteti, Milli Universitet “Odessa Hüquq Akademiyası” və T.Şevçenko adına Kiyev Milli Universitetindən əldə ediblər.

TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir”.

 

Seçilən
58
3
azertag.az

4Mənbələr