AZ

Ekspert: Azərbaycan Asiya ilə Avropa arasında yükdaşımaların sürətlənməsi və şaxələndirilməsi zəncirinin həlledici bəndinə çevrilir – MÜSAHİBƏ

Bakı, 16 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Dəyişən geosiyasət və dayanıqlı logistika həllərinə artan tələbat kontekstində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta Dəhliz) strateji əhəmiyyət kəsb edir. Azərbaycan əsas tranzit qovşağı kimi infrastrukturun və rəqəmsal həllərin inkişafına, Mərkəzi Asiya ilə Avropa arasında əlaqəni gücləndirməyə fəal şəkildə sərmayə qoyur. Eyni zamanda, digər məsələlərlə yanaşı, Logistika və Nəqliyyatda Qadınlar (“WiLAT”) təşəbbüsü vasitəsilə həyata keçirilən qadın liderliyi bu sahədə effektiv və inklüziv logistika strategiyalarının formalaşmasında mühüm rol oynayır. Nəqliyyat və logistika üzrə qazaxıstanlı ekspert, “WiLAT” Mərkəzi Asiya təşkilatının sədr müavini Ayjan Beysiyeva AZƏRTAC-a müsahibəsində multimodal qovşaqların və tranzitin rəqəmsallaşdırılmasının inkişaf perspektivləri, o cümlədən regionda logistikanın idarə olunmasında gender balansının təmin edilməsinin vacibliyindən danışıb.

- Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır. Ölkə Xəzər dənizini Gürcüstanla və daha sonra Avropa bazarları ilə birləşdirən strateji tranzit qovşağı qismində çıxış edir. Ələt limanına yatırılan böyük investisiyalar, dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və müasir logistika mərkəzlərinin yaradılması sayəsində Azərbaycan Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi və şaxələndirilməsi zəncirində həlledici bəndə çevrilir. Marşrutun davamlılığı yaxşı əlaqələndirilmiş bərə keçidləri, effektiv multimodal logistika və beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq vasitəsilə təmin edilir.

- Xəzəryanı inteqrasiya, xüsusən Qazaxıstan ilə Azərbaycan arasında Mərkəzi Asiyada təchizat zəncirlərinin davamlılığı üçün nə dərəcədə vacibdir?

- Xəzəryanı ölkələrin inteqrasiyası regionda davamlı və çevik təchizat zəncirlərinin qurulmasında əsas elementdir. Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq xüsusilə dəniz nəqliyyatı baxımından Şimal və Cənub marşrutlarına real alternativ təklif edən etibarlı nəqliyyat oxunu formalaşdırır. Xəzər dənizi vasitəsilə birbaşa əlaqə logistika riskləri və çatdırılma müddətlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir, üçüncü ölkələrdən asılılığı azaldır və Mərkəzi Asiya ixracatçılarının rəqabət qabiliyyətini artırır. Bundan əlavə, bu marşrut hətta fors-major və ya qlobal təlatümlər zamanı malların hərəkətini təmin etməyə qadir olan mühüm ehtiyat dəhlizi təmin edir.

- Sizcə, Aktau və Ələt limanları vahid logistika klasteri çərçivəsində necə səmərəli qarşılıqlı əlaqə qura bilər?

- Aktau və Ələt limanlarının vahid logistika klasteri çərçivəsində səmərəli qarşılıqlı əlaqəsi Trans-Xəzər daşımalarının ümumi səmərəliliyinin artırılması üçün sadəcə fürsət deyil, həm də zəruri şərtdir. Bu kontekstdə praktiki addımlara bərə və dəmir yolu cədvəllərinin sinxronlaşdırılması daxildir ki, həmin amil də dayanma müddətini minimuma endirəcək və yüklərin daşınmasını sürətləndirəcək. Müştərilər üçün xidmətləri daha şəffaf və rəqabətli edəcək vahid tarif və anbar təkliflərinin tətbiqi də vacibdir.

“Port Community System” kimi müasir sistemlər vasitəsilə real vaxt rejimində məlumat mübadiləsi bütün əməliyyatların koordinasiyasını və şəffaflığını təmin edəcəkdir. Birgə terminal idarəetməsi və ümumi sifariş sisteminin yaradılması yükləməni optimallaşdıracaq və xidmət keyfiyyətini artıracaq. Keyfiyyət standartları, gömrük prosedurlarının unifikasiyası, malların sürətli və rahat ötürülməsini təmin edəcək vahid multimodal terminalların yaradılması da az əhəmiyyət kəsb etmir. Kurık limanı da regionda birləşdirici zənciri gücləndirəcək və bu prosesdə əsas rol oynaya bilər.

- Qazaxıstan, Azərbaycan və Gürcüstanın qovşağında multimodal habların inkişaf perspektivləri nə dərəcədə realdır?

- Qazaxıstan, Azərbaycan və Gürcüstanın qovşağında multimodal habların yaradılması perspektivləri kifayət qədər real görünür, bir şərtlə ki, uzunmüddətli investisiyalar və ölkələr arasında səmərəli koordinasiya olsun. Trans-Xəzər dəhlizi – Qazaxıstandan (Aktau limanı), Azərbaycandan (Ələt, Bakı) Gürcüstana (Batumi, Poti) qədər dayanıqlı və yüksəksəmərəli multimodal nəqliyyat habına çevrilmək üçün bütün zəruri ilkin şərtlərə malikdir.

Bu potensialın reallaşdırılması üçün normativ-hüquqi bazaların unifikasiyasının təmin edilməsi, özəl investisiyaların cəlbinin stimullaşdırılması və terminallar, logistika və rəqəmsal inteqrasiya sahəsində dövlət-özəl tərəfdaşlıq layihələrinin fəal şəkildə inkişaf etdirilməsi vacibdir. Bu cür addımlar şəffaf, sürətli və rəqabətədavamlı nəqliyyat sistemi yaradacaq ki, bu da regionun inkişafının əsl lokomotivinə çevrilə bilər.

- Qazaxıstan və Mərkəzi Asiyadan hansı ixrac malları sərfəli şəkildə emal oluna və ya əlavə dəyərlə Azərbaycan vasitəsilə nəql edilə bilər?

- Azərbaycan Qazaxıstan və Mərkəzi Asiyadan bir sıra əsas ixrac məhsulları üçün əlavə dəyər yaratmaqda mühüm rol oynaya bilər. İlk növbədə, bu, taxılla bağlıdır – üyüdülmə və qablaşdırma imkanlarının inkişafı ilə hazır məhsul istehsal etmək mümkündür ki, bu da onların dünya bazarında rəqabət qabiliyyətini artıracaq. Eynilə, bitki yağlarının, ət və ərzaq məhsullarının emalı da ixrac marjasını artıracaq. Bundan əlavə, mineral konsentratların və metalların emalı sahəsində əhəmiyyətli potensial var - təmizləmə, yığılma və ilkin emal kimi əməliyyatlar xammalın dəyərini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycanda gübrə və kimyəvi məhsullar da emal oluna və qablaşdırıla bilər.

Burada hazır toxuculuq məhsullarına çevrilə bilən pambıq kimi tekstil xammalı xüsusi diqqət çəkir. Bundan əlavə, yüklərin konsolidasiyası, etiketlənməsi, yenidən qablaşdırılması və komponentlərin asan yığılması əlavə dəyər tranzitinin mühüm sahəsinə çevrilir. Bütün bunlar yeni biznes imkanları yaradır və regional təchizat zəncirlərini gücləndirir.

- Sizcə, Orta Dəhliz çərçivəsində tranzitin asanlaşdırılmasına hansı rəqəmsal alətlər daha effektiv təsir göstərir?

- Azərbaycan və Mərkəzi Asiya ölkələri vasitəsilə tranzit proseslərinin rəqəmsallaşdırılması bu marşrut üzrə səmərəliliyin və şəffaflığın artırılmasında əsas amildir. Belə ki, eTIR və eCMR kimi alətlər sənəd dövriyyəsini avtomatlaşdırmağa və sərhədlərdə gecikmələri minimuma endirməyə, inzibati maneələri azaltmağa imkan verir. Təchizat zəncirinin bütün iştirakçıları dövlət qurumları ilə vahid rəqəmsal platforma vasitəsilə qarşılıqlı əlaqədə olduqda, həmçinin “vahid pəncərə” prinsipinin həyata keçirilməsi eyni dərəcədə vacibdir. Bu, gömrük rəsmiləşdirilməsi prosedurlarını əhəmiyyətli dərəcədə sürətləndirir, logistikanı asanlaşdırır və riskləri azaldır.

- Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında rəqəmsal platformaların inteqrasiyası potensialını necə qiymətləndirirsiniz?

- Rəqəmsal platformaların region ölkələri arasında, xüsusən də Mərkəzi Asiya ilə Azərbaycan arasında inteqrasiyası böyük potensiala malikdir. Yük axınlarını izləmək, əlaqələndirmək və təhlil etmək üçün qarşılıqlı fəaliyyət göstərən sistemlər bütün logistika zəncirinin şəffaf monitorinqi, proqnozlaşdırılması və optimallaşdırılması üçün əsas ola bilər. Bu cür həllər nəinki marşrutun dayanıqlığını artıracaq, həm də özəl sektor üçün məlumatlara çıxışı sadələşdirəcək, xidməti təkmilləşdirəcək və xərcləri azaldacaq.

- Sizcə, qadın liderlər iki ölkə arasında logistika strategiyalarının formalaşmasında hansı rol oynamalıdır və “Women in Logistics and Transport” təşəbbüsünün bu sahədə əməkdaşlıq planları varmı?

- Qadın liderlər Qazaxıstan ilə Azərbaycan arasında logistika strategiyalarının formalaşmasında əsas və sistemli rola malik olmalıdırlar. Onların layihələrin idarə edilməsində, multimodal qovşaqların inkişafında və logistikanın rəqəmsal transformasiyasında fəal iştirakı təkcə inklüzivliyi gücləndirmir, həm də davamlılıq, çeviklik və əməkdaşlığa əsaslanan yeni idarəetmə yanaşmaları gətirir. Logistika üzrə qadın liderlər maraqlı tərəflər arasında effektiv ünsiyyət qura bilirlər ki, bu da transmilli layihələrdə xüsusilə vacibdir. Onların töhfəsi təchizat zəncirlərini xarici risklərə daha uyğun və davamlı edir.

“WiLAT”a gəlincə, təşkilat artıq Qazaxıstan, Azərbaycan və regionun digər ölkələrindən olan qadın ekspertlər arasında əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri nəzərdən keçirir. Əsas diqqət təhsil proqramları, təcrübə mübadiləsi, birgə tədqiqat layihələri və ekspert platformaları, habelə dövlət sektoru ilə dialoq vasitəsilə logistika gündəliyinin formalaşmasında iştirakdır.

- “WiLAT” regionda rəqəmsallaşmanın və logistikanın inklüziv inkişafının təşviqində hansı rolu oynayır?

- Bu kontekstdə “WiLAT”ın təşəbbüsləri təkcə rəqəmsallaşmanın təşviqində deyil, həm də regionda logistikanın inklüziv inkişafının təmin edilməsində mühüm rol oynayır. Təşkilat qadın logistika mütəxəssisləri üçün “Senior-Junior” mentor proqramını fəal şəkildə inkişaf etdirir. Bu təşəbbüs karyera yollarının qurulması, layihənin idarə edilməsi, danışıqların aparılması və peşəkar şəbəkələrin inkişafı kimi sahələri əhatə edir. Bu proqramların tərəfdaşı qismində Nəqliyyat və Logistika üzrə Kral İnstitutu (CILT Central Asia) çıxış edir.

“WiLAT”, həmçinin eTIR, eCMR, nəqliyyat idarəetmə sistemləri (TMS), yaşıl logistika və beynəlxalq normativlərə uyğunluq kimi əsas rəqəmsal alətlər üzrə təhsil kursları keçirir. Bu, müasir logistikanın çətinlikləri ilə üzləşməyə hazır olan yeni qadın ekspertlər nəslinin formalaşmasına kömək edir.

- “WiLAT” regionun qadın liderləri arasında təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin hansı formatlarını dəstəkləyir?

- Prioritetlərdən biri şəbəkələrin inkişafı və təcrübə mübadiləsidir. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Azərbaycan və Gürcüstandan olan qadın liderlərin iştirakı ilə mütəmadi seminarlar və dəyirmi masalar qabaqcıl təcrübələrin müzakirəsi üçün məkan yaradır, onlayn platformalar isə Orta Dəhliz layihəsi çərçivəsində pilot layihələrin keyslərinin və nəticələrinin paylaşılmasına imkan verir. Bundan əlavə, B2B və B2G formatlarında səyyar tanışlıq turları və görüşlər keçirilir ki, bu da ölkələr arasında dialoqu gücləndirir.

“WiLAT” logistika sahəsində qadın sahibkarlığının dəstəklənməsinə xüsusi diqqət yetirir. İnkubasiya və sürətləndirmə proqramları multimodal xidmətlər, qablaşdırma və əlavə dəyər əməliyyatları ilə bağlı layihələrə xüsusi diqqət ayırır. Eyni zamanda, qadın sahibkarların dəstəklənməsinə yönəlmiş xüsusi qrant və kredit xətlərinin işə salınması üçün banklar və investisiya fondları ilə tərəfdaşlıq əlaqələri inkişaf etdirilir.

- Qadınların Orta Dəhliz layihəsi çərçivəsində strateji logistika idarəçiliyinə cəlb edilməsi nə üçün mühümdür?

- Qadınlar logistika klasterlərinin strateji idarə olunmasında fəal iştirak etməlidirlər. “WiLAT” dayanıqlı inkişafın gender aspektləri mütləq nəzərə alınmaqla, onların Orta Dəhlizinin inkişafı üzrə işçi qruplarında, eləcə də yaşıl nəqliyyat dəhlizləri və rəqəmsal inteqrasiya standartlarının hazırlanmasında iştirakını təşviq edir.

Pilot layihələrin bir hissəsi olaraq, təşkilat qadınların Ələt və Aktau limanlarında, o cümlədən anbar logistikası, konteynerlərin daşınması və rəqəmsal dispetçerin idarə edilməsində əməliyyat rollarına cəlb edilməsinə təşəbbüs göstərir. Belə layihələrin effektivliyinə xüsusi meyarlardan - layihənin idarə edilməsində qadınların payı, təlim keçənlərin sayı, qadın sahibkarların sayının artması və cəlb edilən investisiyaların həcmindən istifadə etməklə nəzarət edilir.

Biz azərbaycanlı tərəfdaşları açıq əməkdaşlığa dəvət edirik. Birgə seminarlar, mentor mübadiləsi və pilot təşəbbüslər qadın liderlərin strateji proseslərə inteqrasiyasını sürətləndirməklə yanaşı, həm də ümumilikdə Xəzər dənizindən keçən tranzit marşrutunun davamlılığını, şəffaflığını və rəqabət qabiliyyətini yaxşılaşdıra bilər.

 

Seçilən
24
1
azertag.az

2Mənbələr