İngiltərəli kardioloq ürək xəstəliklərinin kritik mərhələyə çatmadan öncə dörd mühüm xəbərdarlıq əlaməti ilə özünü göstərə biləcəyinə diqqət çəkib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq Dr. Oliver Guttman ürək problemlərinin kinolarda göstərildiyi kimi qəfil və güclü döş qəfəsi ağrısı ilə deyil, daha yüngül, lakin yanıltıcı simptomlarla ortaya çıxa biləcəyini bildirib
1. Döş qəfəsində təzyiq və ya ağrı
Sinədə ağırlıq, sıxılma və ya təzyiq hissi ürək xəstəliklərinin ən çox rast gəlinən əlamətlərindəndir. Bu hal bəzən mədə turşuluğu və ya həzm pozğunluğu ilə qarışdırıla bilər. Ağrı qollara, boyuna, çənəyə və ya kürəyə də yayıla bilər. Bu, anjina əlaməti ola bilər və müalicə edilmədiyi halda infarkt riskini artırır.
2. Nəfəs darlığı
Normalda idmandan sonra yaranan yüngül nəfəs darlığının təbii olduğunu deyən Guttman, lakin gündəlik işlərdə – pilləkən qalxmaq, çamaşır daşımaq və ya ayaqqabı bağlamaq zamanı nəfəs çatışmazlığının ciddi xəbərdarlıq olduğunu vurğulayıb.
3. Daimi yorğunluq və halsızlıq
Həkimə görə, ürək mənşəli yorğunluq gündəlik yorğunluqdan fərqlənir – bu, istirahətlə keçmir. Sadə ev işlərindən sonra həddindən artıq yorğunluq, alış-veriş zamanı çətinlik və diqqət dağınıqlığı bu əlamətlərə daxildir. Qadınlarda isə bəzən sinə ağrısı olmadan yalnız qeyri-adi yorğunluq müşahidə oluna bilər.
4. Ürək döyüntüləri
İstirahət halında belə qəfil sürətlənən ürək döyüntüləri, döş qəfəsində çırpınma və ya sıçrama hissi aritmiyadan xəbər verə bilər. Müalicə olunmazsa, bu, ürək çatışmazlığı və ya insult riskini artırır. Dr. Guttman, bu əlamətlərin heç bir halda laqeyd yanaşılmaması gərəkdiyini bildirib. Mütəxəssislər həmçinin müntəzəm tibbi yoxlamaların və sağlam həyat tərzinin ürək xəstəliklərinin qarşısını almaqda əsas rol oynadığını vurğulayır.
Rəsmi statistika göstərir ki, 2019–2023-cü illər arasında İngiltərədə ürək xəstəliklərinə bağlı ölümlər 18% artaraq 21 min 975-ə yüksəlib. İngilis Ürək Fondu (BHF) 2020-ci ildən bəri ürək çatışmazlığı diaqnozlarının da 21% artdığını açıqlayıb.