AZ

Bələdiyyələr əti ucuzlaşdıracaq - deputatdan qəribə təklif...


Natiq Cəfərli: “Bələdiyyələrin nə səlahiyyəti, nə də maddi gücləri var ki, ətin qiymətinin qalxmasının qarşısını alsın”

Son zamanlar Azərbaycanda mal və qoyun ətinin satış qiyməti artmaqda davam edir. Hazırda ətin satış qiyməti 17-25 manat arasında dəyişir. Ekspertlər iddia edir ki, bu qiymət yaxın zamanda 30 manata çatacaq.

Ətin qiymətinin tənzimlənməsi üçün müəyyən təkliflər səslənir. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev komitənin sonuncu iclasında çıxışı zamanı deyib ki, bələdiyyələrin hər biri öz ərazisində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilər: “Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir. Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımi qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bundan həm də bələdiyyələr qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”.

Millət vəkilinin dediyindən belə aydın olur ki, bələdiyyələr ət köşkü yaradarsa bu problem həll olunar. Ancaq hər kəsə məlumdur ki, bələdiyyələr özünü tam doğrultmamış bir qurumdur və bu qurumun belə bir səlahiyyəti yoxdur.

Maraqlıdır, bələdiyyələr ətin bahalaşmasının qarşısını ala bilərmi? Bu necə mümkün ola bilər?

“Ölkəmizdə iri və xırda buynuzlu heyvanların sayı kəskin şəkildə azalır, əsas problem budur, bunun üzərində düşünmək, çıxış yolu axtarmaq lazımdır”

İqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bələdiyyələrin elə bir səlahiyyəti yoxdur ki, ətin qiymətini tənzimləyə bilsin: “Ətin satış qiymətinin qalxmasının səbəbi bazara çıxış imkanı ilə bağlı deyil, mal-qara sayının azalması ilə bağlıdır. Bələdiyyələrin nə səlahiyyəti, nə də maddi gücləri var ki, ətin qiymətini qalxmağa qoymasın. Onların yüksək səlahiyyəti olarsa, büdcələri olarsa məlum problemlə bağlı nəsə bir iş görə bilərlər. Ancaq hazırki şəraitdə bələdiyyələr ətin qiymətini nizama salmaqla bağlı heç bir iş görə bilməz. Məlumat üçün deyim ki, artıq ölkəmizdə iri və xırda buynuzlu heyvanların sayı kəskin şəkildə azalır. Son 5 il ərzində 300 minə yaxın iri buynuzlu mal-qara, 2 milyona yaxın isə keçi və qoyunların sayı azalıb. Əsas problem budur, bunun üzərində düşünmək, çıxış yolu axtarmaq lazımdır. Mal-qaranın sayı azaldıqca, bu hal qiymətə də təsir edir. Bu məsələnin həlli ilə bağlı bələdiyyələrin görə biləcəyi hər hansı bir iş yoxdur, bununla bağlı aidiyyəti qurumlar çıxış yolu axtarmalıdır”.

Günel CƏLİLOVA

Seçilən
27
baki-xeber.com

1Mənbələr