AZ

Milli televiziyanın ilk Xalq artisti rejissoru

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Vasif Babayev – 85

Ondan qabaq böyük qardaşı – kinorejissor Arif Babayevi tanımışıq. Doğma İçərişəhərdə cazmen dostu Vaqif Mustafazadə ilə Arif Vasifin mədəniyyət və incəsənətə meyil göstərməsində müstəsna rol oynayıblar. Azərbaycan televiziyası işə başlayan gündən orada çalışmış Arif Babayev kinostudiyaya gedəndə artıq 3 il idi ki, Vasif televiziyada rejissorluq edirdi. Yəni teleməkanımız bir gün də Babayevlərsiz qalmayıb.

Mən 80-ci illərin sonlarında televiziyaya gələndə Vasif Babayev artıq ən aparıcı rejissorlardan idi. Geniş formatlı Yeni il “Mavi işıq”ları, çoxsaylı sənədli filmləri, “Dalğa”, “Həftə”, “Arzu musiqi poçtu”, “Hər çinardan bir yarpaq”, “Görüşlər, xatirələr”, “Ədəbi üfuqlər” kimi populyar silsilə verilişləri ilə tanınırdı. Montaj vaxtı o qədər ciddiləşirdi ki, söz deyib fikrini yayındırmağa kimsə ürək etmirdi. Qalan vaxtlarda isə olduqca səmimi, mehriban idi Vasif Babayev. O, qoltuğunda “İzvestiya”, “Azadlıq” və sair qəzetlərlə çayxanamıza gələndə hər birimiz ayağa qalxıb yer təkilf edir, söhbətlərini eşitməyi qənimət bilirdik. Xüsusilə də xalq hərəkatı, azadlıq mübarizəsi barədə dedikləri maraqlı olurdu. O, tanınmış telejurnalist Nadejda İsmayılova ilə birlikdə ilk dəfə Dövlət təhlükəsizlik orqanlarının arxivlərində araşdırmalar aparandan sonra Mikayıl Müşfiq, Salman Mümtaz, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb haqqında silsilə verilişlər hazırlamasından həvəslə danışır, sovet imperiyasına qarşı qəzəb hissimizi artırırdı.

Deyirdi ki, 2 dəfə təhlükəli rəhbərlərlə toqquşub. İlk dəfə 9 yaşı olanda, Mircəfər Bağırovla “əyani”, 2-ci dəfə isə 50 yaşında ikən Mixail Qorbaçovla “qiyabi” olaraq.

...Balaca Vasif filarmoniya tərəfdə küçə ilə qaçarkən təsadüfən “Mirqəzəb”lə toqquşub və çantasındakı mürəkkəbqabı zərbədən sınaraq hər ikisinin üst-başını bulaşdırıb. Aradan çıxmaq istəyəndə tutub rəhbərin hüzuruna gətiriblər. Tanış olublar və uşağın yaxın dostu Əliağa kişinin qardaşı oğlu olduğunu bilincə Bağırov ona deyib: “Qaç, get evinizə”...

Qorbaçovla “toqquşma”sı isə SSRİ-nin süqutu ərəfəsində olub. Daha doğrusu, rejimlə “toqquşması”. O vaxtlar yenicə Xalq artisti fəxri adını almış AzTV-nin baş rejissoru Vasif Babayev 20 Yanvar hadisələrindən sonra daha 45 soydaşımızla bərabər həbs edilərək, özü demişkən, “dahi Leninin vətəni”nə – uzaq Ulyanovsk şəhərinə aparılıb. Orada 1 ay olmazın zillətlər çəkib. Cəzanın səbəbi ruslar AzTV-nin enerji blokunu partlatdıqdan sonrakı “xoşagəlməz” fəallığı, operatorları etiraz çıxışlarını çəkməyə göndərməsi və mitinqlərə çağırış videokasetlərini gizlətməsi, bir sözlə, fədakar vətənpərvərliyi olub...

Vasif Hacıağa oğlu Babayev 1940-cı il sentyabrın 16-da Bakıda anadan olub. 1965-ci ildə İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əvvəlcə rejissor köməkçisi, assistent, rejissor olub, 1966-cı ildə Leninqrad Televiziyası nəzdində Ali Televiziya rejissoru kurslarını bitirib. Bolqarıstan, Yuqoslaviya, Avstriya, Macarıstan, Yunanıstan, İran, Türkiyə, Malta, İspaniya, Fransa, İtaliya kimi xarici ölkələrdə çəkilişlər apararaq verilişlər və kinofilmlər yaradıb. Azərbaycan Dövlət Televiziyasında bədii rəhbər vəzifəsinə qədər yüksəlib. Sonrakı illərdə “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan üzrə direktoru, Moskvada Rusiyanın “İnter-Az” müstəqil Teleradio şirkətinin vitse-prezidenti olub. 40-a yaxın sənədli filmə müəlliflik və rejissorluq edib.

Yubilyar sənətçi 1970-1982-ci illərdə Ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən dövlət və hökumət tədbirlərinin, televiziya verilişlərinin və canlı yayımlanan proqramların aparıcı rejissoru olub. Ümummilli liderin televiziya və kino salnaməsinin yaradıcılarından biri olması ilə fəxr edir. 2000-ci ildən Peşəkar Azərbaycan Kinorejissorları Gildiyasının üzvüdür. “Xuraman” sənədli filmi Azərbaycan kino tarixində ilk dəfə beynəlxalq festivalın “Qran-pri”sinə layiq görülüb, “Akademik Yusif Məmmədəliyev” medalı, “Humay” mükafatı laureatı, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademikidir.

Öz sənətinin fədaisi kimi tanınan, neçə nəsil televiziya işçilərinin yetişməsində bilavasitə əməyi olan tanınmış rejissor 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. O, tək rejissor deyil, həm də reportyor kimi hər zaman irəlidə olub. Görkəmli Vətən oğullarımızın, qəhrəmanlarımızın nəsillərə yadigar olan irsinin, rəşadətinin təbliği, ən gözəl rakurslardan təqdimatı Vasif Babayev yaradıcılığının vizit kartıdır.

Yubileyinizi təbrik edirik, Vasif müəllim!

Əli NƏCƏFXANLIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr