AZ

Qarabağ və Şərqi Zəngəzur: Azad torpaqlarda yeni həyat və Böyük Qayıdış

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanın tarixi torpaqları olan Qarabağ və Şərqi Zəngəzur uzun illər işğal altında qaldıqdan sonra, son beş ildə sürətli bərpa və inkişaf mərhələsinə qədəm qoyub.

Bu bölgələr yalnız strateji və iqtisadi əhəmiyyətə malik deyil, həm də ölkənin mədəni və tarixi irsini əks etdirən, xalqımızın yaddaşında dərin iz buraxmış yerlərdir. Uzun illər məcburi köçkün həyatı yaşayan yüz minlərlə insanın arzusu  indi reallığa çevrilir. Bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və tikinti işləri, yeni infrastruktur layihələri və iqtisadi təşəbbüslər Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın və bütün Qafqazın ən cəlbedici və müasir bölgələrindən birinə çevriləcəyinə işarədir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, uzun illər işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur son beş ildə sürətlə dirçələn bölgələrə çevrilib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi üstünlüyünün və Ermənistanın məğlubiyyətinin rəmzi olaraq tarixə yazıldı. O vaxt səsləndirilən vədlər indi reallığa çevrilir: keçmiş məcburi köçkünlərin yurdlarına qaytarılması üçün geniş bərpa və tikinti layihələri həyata keçirilir:

"Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər müasir standartlara uyğun yenidən qurulur, yollar çəkilir, sənaye və istehsal müəssisələri yaradılır, məşğulluq imkanları genişləndirilir. Bu gün bu torpaqlarda yalnız geri dönən sakinlər deyil, həm də dövlət qurumlarının əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət və turizm sahəsində çalışan mütəxəssislər, tələbələr və minlərlə vətəndaş fəaliyyət göstərir. Ümumilikdə artıq 50 mindən çox insan burada yaşayır və çalışır".

Onun sözlərinə görə, Azərbaycan bütün bu işləri öz resursları hesabına həyata keçirir. Məqsəd Böyük Qayıdış proqramının birinci mərhələsi bitənədək 140 min keçmiş köçkünün doğma torpaqlarına dönüşünü təmin etməkdir. İnfrastrukturun bərpası iqtisadi potensialın reallaşdırılmasına və yeni sakinlər üçün rahat şəraitin yaradılmasına xidmət edir. Qarabağda istifadəyə verilmiş üç beynəlxalq hava limanı bölgənin strateji və iqtisadi əhəmiyyətini bir daha göstərir. Bu il açılan Laçın Beynəlxalq Hava Limanı azad torpaqlara gediş-gəlişi daha da asanlaşdırdı:

"Qarabağ və Şərqi Zəngəzurun turizm və investisiya imkanları yaxın gələcəkdə regionun iqtisadi xəritəsini dəyişəcək. Tarixi Zəfərdən sonra iqtisadi rayonların yenidən bölünməsi və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqi də bu hədəfə xidmət edir".

Vüqar Rəhimzadə: Qarabağ və Şərqi Zəngəzurun turizm və investisiya imkanları yaxın gələcəkdə regionun iqtisadi xəritəsini dəyişəcək

Müsahibimiz vurğulayıb ki, son iki ildə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə aparılan bərpa işləri geniş vüsət alıb. Xocavəndin Hadrut qəsəbəsində məscidin istifadəyə verilməsi, Sos kəndinə ailələrin qayıtması, Qırmızı Bazar və Xocalının kəndlərində həyata keçirilən layihələr bu dirçəlişin nümunələrindəndir. Xankəndində Qarabağ Universitetinin klinikasının və Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması bölgənin elmi və təhsil potensialını artırır, peşəkar kadrların hazırlanmasına və beynəlxalq əməkdaşlığa yeni imkanlar yaradır:

"Bütün bu nailiyyətlər Azərbaycanın milli iradəsinin, xalqın həmrəyliyinin və ədalətli mübarizəsinin nəticəsidir. Böyük Qayıdış proqramı ardıcıl şəkildə icra olunur, Qarabağ və Şərqi Zəngəzur sülhün, inkişafın və tərəqqinin rəmzinə çevrilir. Son beş il bir daha göstərdi ki, heç bir xarici qüvvə Azərbaycanın mövqeyini dəyişdirə bilməz. Bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız Azərbaycanın deyil, bütün Qafqazın və dünyanın ən füsunkar bölgələrindən biri kimi yeni həyat qazanır".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
bakivaxti.az

1Mənbələr