AZ

Azərbaycan məhsulları xarici ölkə bazarlarında öz layiqli yerini tutur

İxracın strukturunda aqrar sahə ön sıralardadır

Son illər Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı və yeyinti sənayesi sahələrində əldə edilən uğurlar xeyli dərəcədə artıb. Dövlətin həyata keçirdiyi məqsədyönlü islahatlar, ixracyönümlü istehsalın təşviqi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi nəticəsində ölkənin aqrar və aqrar-sənaye məhsulları üzrə ixrac göstəricilərində davamlı yüksəliş müşahidə olunur.

Azərbaycan torpağı tarixən bərəkətli olub. Burada yetişən hər meyvə, səbirlə, zəhmətlə becərilən hər məhsul həm də zəhmətin, alın tərinin və doğma yurd sevgisinin bəhrəsidir. İndi o zəhmət  süfrələrimizi bəzəyir və ölkəmizin xarici bazarlarda söz sahibi olmasını təmin edir. İllərdir iqtisadiyyatın neftdənkənar sektorunu inkişaf etdirməyə çalışan Azərbaycan artıq aqrar və yeyinti məhsulları sahəsində ciddi uğurlara imza atır.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın sentyabr sayındakı rəqəmlərə istinadən xəbər verir ki,  2025-ci ilin yanvar-avqust aylarında bu sahədə qeydə alınan statistik rəqəmlər Azərbaycanın iqtisadi siyasətində kənd təsərrüfatı və yeyinti sənayesinin getdikcə daha mühüm rol oynadığını təsdiqləyir. Belə ki, ötən 8 ay ərzində Azərbaycan iqtisadiyyatında yeyinti və aqrar məhsulların ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Yeyinti məhsulları üzrə ixrac 22,9 faiz artaraq 774,2 milyon  dollara çatıb. Bu göstərici son dövrdə neftdənkənar ixracda əldə edilən ən yüksək nəticələrdən biridir və sektorun davamlı inkişaf etdiyini göstərir. Statistik rəqəmlərdə əks olunan bu artım kəndli və fermerin gündəlik həyatında, istehsalçının zəhmətində, ixrac bazarlarında isə Azərbaycan məhsullarına olan tələbatda aydın şəkildə hiss olunur. 

Aqrar və aqrar-sənaye məhsullarının ixracında dinamik artım əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.  "İxrac icmalı"nda bu faktlar belə əks olunub: cari ilin səkkiz ayında aqrar məhsulların ixracı ötən ilin eyni dövrünə nisbətən 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 4,7 faiz artımla 209,5 milyon dollar təşkil edib. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollara çatıb və bu, neftdənkənar sektorda ən dinamik artım tempinə malik sahələrdən biridir. Qeyd olunan yüksəliş heç də təsadüfi iqtisadi tendensiya deyil, illərlə formalaşdırılan strateji yanaşmanın, həyata keçirilən ardıcıl islahatların və dövlət dəstəyinin nəticəsidir. Aqrar sahədə  müasir texnologiyaların tətbiqi və xarici bazarlara çıxış imkanlarının genişlənməsi məhz  həmin uğurun əsas sütunlarıdır. Aqrar sahədə tətbiq edilən subsidiya mexanizmləri, fermerlərə texniki və maliyyə yardımı, suvarma sistemlərinin yenilənməsi, logistika və infrastruktur layihələrinin genişləndirilməsi kimi tədbirlər məhsuldarlığı artırmaqla yanaşı, ixracyönümlü istehsalın da genişlənməsinə təkan verib.

Digər mühüm faktor Azərbaycan məhsullarının xarici bazarlarda tanınma səviyyəsinin artması və rəqabət qabiliyyətinin yüksəlməsidir. "Made in Azerbaijan" brendi artıq bir çox ölkələrdə keyfiyyət və təbiilik simvoluna çevrilməkdədir. Bu da ölkəmizin aqrar sektorunun beynəlxalq arenada öz yerini möhkəmləndirməsinə zəmin yaradır. İxrac coğrafiyasının genişlənməsi, məhsul çeşidlərinin artırılması və emal sənayesinin inkişafı  artımın davamlılığının açarıdır.

Qeyd olunan statistik  rəqəmlər göstərir ki, Azərbaycanın aqrar və yeyinti sənayesi  ümumi ixrac həcmi baxımından  bu ilin ilk 8 ayında məhsul kateqoriyaları üzrə  mühüm irəliləyişlərə imza atıb. Xüsusilə bəzi məhsullar üzrə artım tempi ümumi dinamikanı aşaraq daha yüksək göstəricilərlə yadda qalıb. Bu baxımdan şəkər və meyvə-tərəvəz məhsullarının ixracında müşahidə olunan artımı qeyd edə bilərik. Faktlara müraciət etsək belə bir mənzərə alınacaq:  şəkər ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,2 faiz artaraq sektorda ən yüksək artım tempini nümayiş etdirib. Qeyd olunan göstərici məhsulun beynəlxalq bazarlarda rəqabətədavamlı hala gəldiyini əks etdirir. Digər diqqətçəkən məhsul qrupu  meyvə-tərəvəz məhsullarıdır. Sözügedən məhsullar üzrə ixrac 32,2 faiz artıb. Bu, Azərbaycanın zəngin iqlim və torpaq şəraitinin verdiyi üstünlüklərdən, eləcə də fermerlər və aqrar şirkətlərin yüksək keyfiyyətli, ixraca yönəlik məhsul yetişdirmək üçün peşəkarlıqlarından qaynaqlanır. Təbii ki, burada məsuliyyət də böyük rol oynayır. Xüsusilə konservləşdirilmiş meyvə-tərəvəzə, təzə alma, nar, xiyar, pomidor kimi məhsullara olan xarici tələbatın artması bu sahədə geniş imkanların olduğunu bir daha sübut edir. 

İxrac strukturunda digər məhsullar üzrə də artım qeydə alınıb: ixracda kimya sənayesi məhsulları üzrə 24,3 faiz, pambıq iplik üzrə 16,3 faiz, çay üzrə 2,1 faiz,  qara metallar və onlardan hazırlanan məmulatlar üzrə isə 0,2 faiz artım müşahidə olunub. Göstərilən faktlar onu deməyə əsas verir ki, artıq Azərbaycanın ixrac məhsulları kənd təsərrüfatına bağlı sənaye sahələrini əhatə edən kompleks bir sistemə çevrilib ki, bu da aqrar sektorda və onun emal sənayesində inkişaf modelinin formalaşması deməkdir. Həmin inkişaf  modeli  müasir texnologiyaların tətbiqi və bazar tələblərinə uyğun istehsal fonunda artımın davamlı olması üçün real zəmin yaradır. 

Lakin qarşıda duran hədəflər daha böyükdür. Azərbaycan məhsulları dünya bazarlarında daha geniş yer tuta bilər. Bunun üçün isə aqrar məhsulların emalına daha çox sərmayə qoyulmalı, keyfiyyət və sertifikatlaşdırma sahəsində beynəlxalq standartlara uyğunluq təmin olunmalı, logistika infrastrukturumuz daha da təkmilləşdirilməlidir. Fermerlərə texniki bilik dəstəyi gücləndirilməli, rəqabətədavamlı istehsalın yolları təşviq olunmalıdır. Ölkəmizin coğrafi mövqeyi, təbii ehtiyatları və zəhmətsevər insanları  bizə bu imkanları verir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr