AZ

Övladlarını bağçaya göndərən valideynlərə mühüm məsləhətlər

ain.az, Oxu.az saytına istinadən bildirir.

Uşaq bağçasına gedən ailələrin əksəriyyəti övladlarının xəstəlikləri ilə üz-üzə qalır. Valideynlər bunu zarafatla "fasiləsiz xəstəxana vərəqəsi" adlandırırlar. Soyuqdəymə, öskürək, burun axması və hərarət qısa müddətdə uşaqların həyatının ayrılmaz hissəsinə çevrilir. Bu isə həm uşaqlar, həm də hər dəfə işdən icazə almağa məcbur olan valideynlər üçün böyük sınaqdır.

Oxu.Az xəbər verir ki, rusiyalı pediatr Mariya Odzilyayeva valideynlərə bu dövrü təlaşsız və lazımsız dərmanlara əl atmadan necə keçirə biləcəklərini izah edib.

Uşaqlar niyə bağçada tez-tez xəstələnirlər?

Həkimin sözlərinə görə, burada təkcə virusların çoxluğu yox, bir sıra amillər birləşir:

Sıx kollektiv: Bir otaqda çoxlu uşaq həm emosiyaların, həm də mikrobların sürətli mübadiləsinə səbəb olur. Oyuncaqlar, kitablar və karandaşlar infeksiyanın əsas daşıyıcılarına çevrilir.

Qapalı pəncərə: Otaqların nadir havalandırılması və quru hava mikrobların yayılmasını asanlaşdırır, selikli qişaları zəiflədir.

Adaptasiya stresi: Yeni rejim və ana ilə ayrılıq uşağın psixikasına və dolayısı ilə immun sisteminə təsir göstərir.

Yeni təmaslar: Bağça uşağın immun sisteminin ilk dəfə çoxsaylı naməlum viruslarla üz-üzə qaldığı mühitdir.

"Uşağınızın xəstəlikləri onun zəifliyi demək deyil. Bu, sadəcə, immun sisteminin yeni şəraitdə "təlim keçməsidir", - deyə Odzilyayeva izah edir.

İmmuniteti qaldırmaq üçün nə vermək olar?

Pediatr qeyd edir ki, uşaqları respirator infeksiyalardan tam qoruya biləcək möcüzəvi dərman yoxdur. Ancaq immun sisteminə dəstək olmaq mümkündür:

- Balanslı və müxtəlif qidalanma;

- Düzgün gündəlik rejim və ən azı 8 saatlıq yuxu;

- Qacetlərdən istifadənin məhdudlaşdırılması;

- Aktiv oyunlar və təmiz havada vaxt keçirmə;

- Mövsümə uyğun geyim;

- Otaqların müntəzəm havalandırılması;

- Əl gigiyenasına riayət;

- Həkim təyin etdiyi halda gündəlik D3 vitamini qəbulu;

- Mövsümi qrip peyvəndi.

Niyə əlavə preparatlardan uzaq durmaq lazımdır?

"BAƏ-lər (bioloji aktiv əlavələr) dərman deyil, klinik sınaqlardan keçmir və tərkibi dəqiqliklə bilinmir. Nəzarətsiz istifadəsi allergiyadan tutmuş qaraciyər və böyrək problemlərinə, hətta toksik hepatitə qədər fəsad yarada bilər", - deyə həkim izah edib.

O həmçinin əlavə edib ki, antivirus dərmanları yalnız müəyyən viruslara təsir edir, məsələn qrip və ya herpesə qarşı yararlıdır, amma respirator infeksiyalara təsirsizdir və güclü yan təsirləri ola bilər. Antibiotiklər isə yalnız bakterial infeksiyalarda faydalıdır; viruslara qarşı təsirsizdir. Onların səbəbsiz istifadəsi bağırsaq mikroflorasını pozur, immuniteti zəiflədir və gələcəkdə antibiotiklərə davamlı bakteriyaların yaranmasına gətirib çıxarır.

Hansı hallarda həkimə müraciət etmək lazımdır?

Virus infeksiyaları zamanı uşağa sadəcə istirahət, bol maye, vitaminlərlə zəngin qida və simptomatik müalicə kifayət edir:

- Burun duzlu məhlulla yuyula bilər;

- Boğaz antiseptiklərlə qoruna bilər;

- Hərarət yüksələrsə, qızdırmasalıcı verilə bilər.

Amma əgər hərarət 3 gündən çox düşmürsə, qulaq ağrısı, təngnəfəslik, süstlük kimi əlamətlər yaranırsa, mütləq həkimə müraciət olunmalıdır. Hər angina bakterial olmaya da bilər, bunu strepttest və ya qan analizi ilə dəqiqləşdirmək mümkündür.

Normal haldır?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, məktəbəqədər yaşlı uşaqlar ildə 10-12 dəfə xəstələnirsə, bu normal hesab olunur - əgər infeksiya ağırlaşmayıbsa. Bu, immunitetin tam formalaşması üçün təbii prosesdir.

"Əsas qayda sadədir - özünüz diaqnoz qoymayın və uşağı özbaşına müalicə etməyin. Həkimə vaxtında müraciət düzgün müalicə və uşağın sağlamlığını təmin edəcək" , - deyə mütəxəssis yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
oxu.az

1Mənbələr