AZ

Paşinyan bu dəfə generalları sıradan çıxarır...


Ordu dövlətin təhlükəsizliyini təmin etmək üçün ən son alət olmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, keçmişdə ordu təhlükəsizliyin əsas aləti kimi qəbul edilirdi ki, bu da səhv yanaşma olub: “Əgər ordu təhlükəsizliyin əsas alətidirsə, deməli, əslində o yoxdur”. Baş nazir vurğulayıb ki, dövlət hərbi güc tətbiq etməzdən əvvəl bir çox digər alətlərə əsaslanmalıdır, ordu isə son tədbir olaraq qalmalıdır: “Milli təhlükəsizliyin əsasını hakimiyyətin və dövlətin legitimliyi təşkil edir. Daim deyirdik ki, bizə güclü ordu lazımdır, amma özümüzə verməli olduğumuz suallardan biri də budur: güclü ordu nə deməkdir, kimdən daha güclü? Şərti bir düşməndən, iki düşməndən, üç və ya dörddən? Əgər şərti düşmənin tərəfində daha 3-4 fövqəladə güclü tərəf mövcud olsa, bizim reaksiyamız necə olacaq? Məgər bu halda strategiyalarımız sıfıra enəcək? Güclü ordu dedikdə biz güclü müttəfiqlərin olub-olmamasını nəzərdə tuturuqmu? Əgər onlarla birlikdədirsə, bu halda da onlarla sual yaranır. Buna görə də burada anlayışların dəqiqləşdirilməsinə ciddi ehtiyac var. Bu legitimlik strategiyası cəmi 2–3 il ərzində inanılmaz nəticələr verdi. Məsələn, əvvəllər Ermənistan üçün silahların alınması bazarları ciddi şəkildə məhdudlaşdırılmışdı, indi isə demək olar ki, sərhədsizdir. Bu məhdudiyyətlər məhz legitimlik strategiyası sayəsində aradan qaldırıldı”. Onun sözlərinə görə, Ermənistanın ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir vəzifə və funksiya daşımır: “Ordunun vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin müdafiəsini təmin etməkdir. Burada daha bir mühüm məqam var. Ordumuz bizə həmişə birinci sədd və təhlükəsizliyin əsas dayağı kimi təqdim olunurdu. Yumşaq desək — birinci. Əslində həm birinci, həm ikinci, həm üçüncü, həm də dördüncü. Mən bir dəfə demişdim: biz heç vaxt düşünmədik ki, əsgərimizin çiyinlərinə nə qədər dözülməz yük yükləmişik. Təəssüf ki, sonra başa düşdük: əgər təhlükəsizliyin təmin olunmasında əsas alət yalnız ordudursa, deməli, təhlükəsizliyin yoxdur. Əgər təhlükəsizliyin əsas aləti ordudursa, bu formulu ümumiyyətlə işlətməmək daha yaxşıdır. Belə demək lazımdır: təhlükəsizlik ümumiyyətlə yoxdur. Çünki “güclü ordu” nə deməkdir? Yenidən soruşuram: kimdən güclü? Neçə potensial düşməndən? Hansı ÜDM və əhali sayına malik? Əhalisi yüz milyonlarla olan, ÜDM-i bizimkindən yüzlərlə dəfə artıq olan neçə ölkənin ordusundan? Məsələ məhz vəzifənin düzgün qoyulmasındadır. Bu, elə bir haldır ki, adətən deyirik: “Axı bu aydındır. Bunu kim bilmir ki?” – Xeyr, bu, heç də aydın deyil. Daha da irəli gedərək deyirəm: ordu ikinci, üçüncü, dördüncü, beşinci təhlükəsizlik aləti də olmamalıdır. Ordu ən sonuncu olmalıdır. İş elə qurulmalıdır ki, ordu 15-ci, 20-ci, 50-ci, 100-cü yerdə olsun. Bu, ordunun rolunun kiçildilməsi demək deyil”. Ermənistan baş naziri “müxalifətin bunları Azərbaycan və Türkiyənin tələbi ilə etdiklərinə dair” iddialarına da toxunub: “Müxalifət deyir bu bizi alçaldır. İcazə verin deyim: bu, “təhlükəsizlik” anlayışının əsas qatlarının, səviyyələrinin və konseptlərinin başa düşülməməsinin nəticəsidir. Bu gün çoxları başa düşmür ki, biz niyə elə qərarlar veririk ki, ən azından qısamüddətli dövrdə alqışlanmırıq. Sadə səbəbdən: bizim məqsədimiz “bu gün” üçün təhlükəsizliyi təmin etmək deyil, elə qərarlar verməkdir ki, on il sonra yenidən bir partlayış baş verməsin və biz arxaya söykənib, siqaret çəkə-çəkə deməyək: “Baxın, biz xəbərdarlıq etmişdik”. Bizim məqsədimiz elə qərarlar verməkdir ki, ölkəmizin qanuni, tanınmış sərhədləri olan ölkənin təhlükəsizliyi yalnız bu gün deyil, yüz illər boyu təmin olunsun. Qoy bu gün bizi “xəyanətkar” adlandırsınlar, amma bizim bu gün atdığımız addımlar nəticəsində 50, 100, 150 il sonra Ermənistan Respublikası dövlət olaraq qalacaq. İki il əvvəl mən bu sualı verirdim. İndi isə bu sualı artıq vermirəm, mən bunu bəyan edirəm: belə olacaq. Və hər şeydən əvvəl legitimlik strategiyasının sayəsində”.

Bütün bunlar fonunda ekspertlər qeyd edir ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi erməni xalqı arasında həm ruh düşkünlüyü, həm də ordiya qarşı inamsızlıq yaradıb. Paşinyan da bunlardan istifadə etməyə can atır. Paşinyanın hazırki ətrafında daha sıx birləşən polis qüvvələridir. Ordu birləşmələri bu işdə hələ də tərəddüd edir. Elə bu səbəbdən ordu rəhbərliyi arasında həbslər istisna deyil. Bunu Ermənistanın “Past” nəşri də yazır və qeyd edir ki, məhz belə bir vaxtda 44 günlük müharibənin şəraitlərini öyrənmək məqsədilə yaradılmış istintaq komissiyasının hesabatı Ermənistan parlamentinin sədrinə göndərilib.Məlumatı parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası təsdiq edib. Nəşrə görə, bu ilin aprelində komissiyanın sədri Andranik Köçəryan bəyan etmişdi ki, hesabat sentyabrın 27-dən sonrakı parlament sessiyasının birinci və ya ikinci günündə dərc ediləcək: “Halbuki, hələ 2023-cü ilin dekabrında istintaq komissiyasının üzvü, “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Kristine Poğosyan demişdi ki, 44 günlük müharibənin şəraitlərini araşdıran komissiya qarşıdakı 1,5-2 ay ərzində hesabatı hazırlayıb, Ermənistan parlamentinə təqdim edəcək”. O da qeyd edilir ki, hesabatın dərc edilməsi bilərəkdən uzadılırdı: “Andranik Köçəryanın partiya yoldaşları ilə problemləri var idi, fraksiyanın böyük hissəsi isə onu partiya yoldaşı qadınlara təhqiramiz sözlər dediyi üçün komissiya sədrliyindən uzaqlaşdırmağı tələb edirdi. Görünür, Köçəryan yenidən Paşinyanın rəğbətini qazanmağa nail olub. Hətta o, yaxın parlament seçkilərində adının yenidən “Vətəndaş Müqaviləsi”nin seçki siyahısında yer alması üçün partiyaya üzv də olub.

Hesabat isə böyük ehtimalla sentyabrın sonunda dərc olunacaq. Bundan sonra hakimiyyət bu dəfə artıq yüksək rütbəli hərbçilərə qarşı yeni təqib dalğasına başlayacaq. Köçəryan bir dəfə demişdi ki, hesabatdan sonra minlərlə cinayət işi açılacaq”.

Ramil QULİYEV

Seçilən
12
7
baki-xeber.com

9Mənbələr