AZ

NDU-da I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər tədris edib

Naxçıvan Dövlət Universitetində vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının təbliği və bu istiqamətdə tədbirlərin təşkili diqqətdə saxlanılır.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni tədris ilinin ilk günündə də vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, tarixini yaşatmaq və əsl vətəndaş olmaq ideyalarının aşılanması əsas tutulub. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin xatirəsinin daim uca tutulması, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə Bilik Günündə I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər keçib.

Universitetin bütün fakültələrində, universitet məzunları arasında şəhidlik zirvəsinə ucalan tələbələrin adını daşıyan auditoriyalarda ilk dərsləri vətən uğrunda canından keçən oğullarımızın ailə üzvləri tədris edib. Ali təhsil ocağına dəvət olunan 60-dan artıq şəhid ailəsi və qazi bütün kurslardan tələbələrə ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Bugünkü görüş şəhidlərin şərəfli ömür yolu ilə tələbələri yaxından tanış etmək, onların xatirəsini əbədiləşdirmək və Azərbaycan xalqının Vətən müharibəsində igid oğullarımızın göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi Zəfəri qazilərdən dinləmək məqsədi daşıyıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində artıq üç ildir ki, hər il yaz və payız semestrinin ilk dərs günü şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunur. Eləcə də, şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər təşkil edilir, “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birlikləri ilə birgə tədbirlər həyata keçirilir.

Seçilən
12
1
sia.az

2Mənbələr