AZ

Bakı HƏRƏKƏTƏ KEÇDİ: Azərbaycanın gizli bağlama siyasətində NƏLƏR VAR? – Səxavət Məmməd yazır

Strateji müttəfiqlik təkcə sənəd üzərində olmur. Strateji müttəfiqlik üçün dövlətləri bir-birinə bağlayan hallar olmalıdır. Məsələn, Azərbaycanla Türkiyə və Pakistan strateji müttəfiqdir.

Misal üçün Türkiyəni götürək. Bir çoxları düşünür ki, Azərbaycanla Türkiyənin strateji müttəfiq olması üçün xalqların yaxınlığı, eyni köklü olması kifayət edir. Hesab edirəm ki, bu məsələyə bəsit, primitiv yanaşmadır. Niyə? Çünki eyni köklü xalqların düşmən olduğu, müharibələr etdiyi həm keçmişdə, həm də günümüzdə mövcuddur. Keçmişimiz türk xalqlarının qurduğu dövlətlərin ən çox bir-biri ilə müharibə aparması ilə zəngindir. Günümüzdə isə slavyan xalqlarının düşmənçiliklərinin şahidi oluruq. Ona görə də strateji müttəfiqliyi təkcə qohumluq və sənədlə həll etmək mümkün deyil.

Azərbaycanın qarşısına qoyduğu əsas hədəflərdən biri Türkiyəni özünə bağlamaq və ən azı gələcək 50 ildə bunu təmin etmək dururdu. Azərbaycan SOCAR vasitəsi ilə Türkiyəyə böyük sərmayə qoydu. 15 il ərzində SOCAR Türkiyəyə 18 milyarddan çox yatırım edib. Bununla Azərbaycan Türkiyəni özünə bağlayıb. Bu, o anlama gəlir ki, Türkiyə istəsə də, istəməsə də Azərbaycandan qopa bilməz. Azərbaycan kiçik ölkə olsa da, əlində olan neft və qaz imkan verir ki, böyük yatırımla Türkiyəni özünə bağlaya bilsin.

Birinci müharibədə istənildiyi halda helikopter belə göndərməyən Türkiyə ikinci müharibədə tamamilə fərqli davrandı. Həm siyasi, həm də hərbi baxımdan Azərbaycanın yanında oldu. Sual ortaya çıxır, 2020-ci ildə qardaşlığa görə edildi, 90-cı illərdə qardaş deyildik? Türkiyəni buna vadar edən həm də Azərbaycan oldu. Bunun əsas səbəbi də yatırımlardır. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq da qarşılıqlıdır. Yəni proseslərdə bixəbər insanlar elə düşünür ki, hərbi əməkdaşlıqla bağlı ancaq Türkiyə tərəfi addımlar atır, Azərbaycan tərəfi isə ağzın ayırıb baxır.

Eyni vaxtda Azərbaycan da Türkiyə ordusuna və Türkiyənin müdafiəsi yönündə addımlar atır. Müəyyən əməliyyatlarda verilən dəstəyi qoyaq bir kənara, Azərbaycanın hava hücumundan müdafiə sahəsindəki mütəxəssisləri, xüsusilə stasionar hava hücumundan müdafiə və Rusiya istehsalı olan zenit raket komplekslərində daha peşəkardırlar. Hava məkanın bağlanılması, “setka”nın qurulması yönündə Azərbaycan mütəxəssislərini verdiyi töhfələr danılmazdır. Detallı yazmağa ehtiyac duymuram.

Azərbaycanla Pakistan da strateji müttəfiqdir. Azərbaycan Pakistanla da eyni formada davrandı. Müqavilələr, atıcı silahların alqı-satqısı, hərbi təlimlər strateji müttəfiqlik anlamına gəlmir, gələ də bilməz. Misal üçün ruslarla ukraynalılar da eyni köklüdür, hətta sənəd üzərində Ukrayna suverenliyinin və müstəqilliyinin qarantı olan ölkələrdən biri Rusiya idi. Hazırda Rusiya qarant olduğu ölkənin suverenliyinə təcavüz etməklə məşğuldur. Azərbaycan Pakistanı özünə bağlamaq üçün strateji müttəfiqlik yaradacaq cinsdən sayılan hərbi təyyarələr (JF-17) sifariş etdi. İlkin mərhələdə 20 ədəd sifariş edilsə də, sonradan bu rəqəmi 40-dan çox etdi. Birincisi, Azərbaycanın köhnəlmiş aviaparkını yeniləməyə ehtiyacı vardı; ikincisi, bu addımı atmaqla Azərbaycan sənəd üzərində olan strateji müttəfiqliyi bərkitmiş oldu. Hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələrinin alqı-satqısı tərəflər arasında bağlılıq yaradır.

Azərbaycan suverenliyi bərpa edəndən sonra hava məkanını tamamilə bağlamış sayılır. Azərbaycanın hava məkanının qorunması postsovet məkanında Rusiya və Belarusu çıxsaq, ən güclüsüdür. Ancaq hazırda qlobal aləmdə baş verən proseslər onu göstərir ki, hava məkanı bir laydan ibarət yox, iki, üç laydan ibarət qorunma ilə təmin edilməlidir. Düzdür, bu, çox bahalı və vaxt aparan proses olsa da, bunun həyata keçirilməsi vacibdir. Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də Çini özünə bağlamaq, sənəd üzərindəki strateji birliyi möhkəmləndirməkdir. Türkiyə ilə olduğu kimi, Azərbaycan Çinə yatırım edərək özünə bağlaya bilməz, adama gülərlər. Ancaq Azərbaycan Çindən hava hücumundan müdafiə sistemləri, hətta J-10C (“Chengdu J-10”) döyüş təyyarələri almaqla bunu edə bilər. Azərbaycanın bu yöndə addımlarsa, buna təəccüblənməməliyik. Bu, sözün hər mənasında, ehtiyacdan atılmış addım olacaq.

Qətərin paytaxtı Dohada HƏMAS üzvlərinə qarşı İsrailin həyata keçirdiyi hücum da, əslində, Türkiyənin Rusiyadan niyə S-400 almasını tam da ortaya qoydu. Hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri ona görə strateji müttəfiqlərlə satılır ki, satan tərəf lazım gəldiyində sözügedən vasitələrə müdaxilə edə bilər. Yəni ABŞ istəsəydi, İsrail təyyarəsini düşmən kimi görə bilərdi, ancaq bunu etmədi.

Azərbaycanın hazırda strateji müttəfiqliklərlə bağlı apardığı siyasət bu gündən daha çox gələcəyə hesablanıb. Bu yöndə daha ciddi addımların atılacağının da şahidi olacağıq.

Seçilən
19
1
adalet.az

2Mənbələr