AZ

Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsinin sədr müavini Milli Məclisdə olub  

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahibə Qafarova Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb. Bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında dövlət başçılarının görüşlərinin və imzalanmış sənədlərin mühüm rolu var. Qeyd edilib ki, Prezident İlham Əliyevin Çinə son dövlət səfəri ikitərəfli münasibətlərin dərinləşməsində tarixi mərhələni təşkil edir.

Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir, beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını müdafiə edir.

Görüşdə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında qurulan müntəzəm təmasların ikitərəfli siyasi münasibətlərin inkişafında rolundan, Azərbaycanın Çin Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyata keçirdiyi layihələrdən, Orta Dəhlizin inkişafı istiqamətində birgə əməkdaşlığın əhəmiyyətindən söz açılıb.

Söhbət zamanı iqtisadi, ticarət, humanitar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsindən məmnunluq ifadə olunub.

Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığın əhəmiyyətindən danışan S.Qafarova qeyd edib ki, Milli Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qrupları mühüm rol oynayır.

Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsinin sədr müavini Su Hui Azərbaycana ilk dəfə səfər etdiyini bildirib və bu barədə təəssüratlarını bölüşüb. Qonaq ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində birgə fəaliyyət, Çin iqtisadiyyatının inkişaf istiqamətləri və ikitərəfli münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.

Söhbət zamanı qonaq Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsinin fəaliyyəti, strukturu, partiyaların təmsilçiliyi, Çinin siyasi sistemi barədə məlumat verib. O, Azərbaycanın “Vahid Çin” siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Seçilən
3
28
azerbaijan-news.az

10Mənbələr