AZ

“Ola bilər ki, kimlərsə 15 Sentyabr –Bakının Qurtuluşu gününü önəmli saymasın...- Amma dövlət məmuru qətiyyən bu mövqedə ola bilə bilməz...”

“Bu tarixi günün dövlət səviyyəsində qeyd olunmasının vacib olduğunu bir daha vurğulayıram. Nuru Paşanın Azərbaycanda, xüsusən də Bakıda heykəli qoyulmalıdır. Çünki o, Azərbaycanın qurtuluşunda çox böyük rol oynamış bir şəxsiyyətdir...”
 
“Bu gün - 15 sentyabr Bakının Qurtuluş Günüdür və mənim üçün çox xüsusi bir gündür. Bu bayramı böyük bir qürur və hörmətlə qeyd edirəm. Bu il yüz yeddi idir ki, Bakının erməni işğalından azad edilməsi ilə bağlı əhəmiyyətli bir mərhələni yaşayırıq. Bu münasibətlə bütün millətimizi, türk dünyasını, vətənini, torpağını, bayrağını düşünən hər bir insanı, o cümlədən Moderator.az oxucularını təbrik edirəm.
 
7 il öncə Bakının Qurtuluşunun 100 illiyi münasibəti ilə “Facebook”da paylaşdığım və olduğu kimi Moderator.az-da da dərc olunmuş təbriki bu gün axtarıb tapdım və təvazökarlıqdan uzaq olsa da, xoşuma gəldi və onu bu gün bir daha paylaşdım. Çünki bu, tariximizin əhəmiyyətli bir anıdır və bütün cəmiyyətimizə dönə-dönə xatırladılmalıdır”.
 
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu fikirləri 15 Sentyabr Bakının Qurtuluş Günü ilə bağlı Moderator.az-a açıqlamasında dilə gətirib.
 
“Bu gün əslində yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası və azadlıq yolunda şəhid olanların bayramıdır. Nuru paşa başda olmaqla bu ideyanın müəlliflərinə, o dövrün mübarizləri, minlərlə piyada yol gedən qəhrəmanlar və Bakımızı işğaldan azad edənlərə Allahdan rəhmət diləyirik- ruhları şad olsun.
 
Onu  da qeyd edim ki, bu ideyanın müəllifləri yalnız o icraçılar deyildi, bu ideyanın gerçəkləşdirilməsində payı olan böyük müəllifləri vardır- ruhları şad olsun. Qafqaz İslam Ordusunun yaradılması və onun bir xilaskar kimi Bakıya- Azərbaycana gəlişi Türk dünyasının birliyi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu ordu Bakı və Azərbaycan üçün çox şey ifadə edir”, - deyə davamında partiya sədri bildirib.
 
“Bəzən bu məsələlərə kifayət qədər əhəmiyyət verilmir, amma əslində 15 Sentyabrın bizim tariximizdəki yeri çox böyükdür. Hətta bizim 28 Mayın da dirçəlməsi və ayaqda durmasının da səbəbkarı 15 Sentyabrdır. Bir çox tarixi günlərimiz də məhz bu gündən başlanır.  15 sentyabr olmasaydı, biz çox şeyləri unudardıq. Bu tarix bizə bir çox dərslər və mübarizə örnəyi verir... 
 
Əgər  iki-üç gündə minlərlə, on minlərlə, 30 mindən artıq insanımızı şəhid edirdilərsə... istər Çar Rusiyasının, istər bolşevik-sovet işğalı zamanında,  istər erməni daşnaklarının Bakıda soyqırımı, “Sentrokaspi” dövründə  çox böyük itkilərimiz olmuşdur. Amma 15 sentyabr bizə həm də ümid, birlik və qələbə mesajı verir...
 
Odur ki, bu tarixi günün dövlət səviyyəsində qeyd olunmasının vacib olduğunu bir daha vurğulayıram. Nuru Paşanın Azərbaycanda, xüsusən də Bakıda heykəli qoyulmalıdır. Çünki o, Azərbaycanın qurtuluşunda çox böyük rol oynamış bir şəxsiyyətdir. Onun və digər qəhrəmanların əməyini layiqincə qiymətləndirmək, tarixi haqqımızı qorumaq və gələcək nəsillərə bu dəyərləri çatdırmaq üçün bu addımlar atılmalıdır.
 
Bu gün, 15 sentyabr, hər birimizin bayramıdır və hər birimizin şərəfli tarixinin bir hissəsidir. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, Vətənimiz və xalqımızın yolu uğurlu olsun!”- ixtisasca tarixçi olan siyasətçi diqqətə çatdırıb.
 
“Ola bilər ki, bəzi insanlar bu günü qeyd etməsin, bəlkə də kimisi düşünə bilər ki, bu, önəmli bir hadisə deyil, amma bu, onların şəxsi mövqeyidir. Lakin dövlət məmuru qətiyyən bu mövqedə ola bilə bilməz. Əgər kiməsə bu günün qeyd edilməsi vacib deyilsə, o zaman heç kəsin bu bayramı qeyd etməsinin qarşını ala bilməz, buna haqqı yoxdur. Bizim belə tariximiz və gələcəyimiz siyasətə qurban gedəcək məsələlərdən deyil”, - həmsöhbətimiz xüsusi olaraq qeyd edib.
 
“Yeddi il öncə 15 Sentyabrın 100 illik yubileyində də xüsusi qeyd etmişdik: 
 
“15 Sentyabr - işğalda olan Torpağını Azad etmək vəzifəsini yerinə yetirəcək Şərəfli AZƏRBAYCAN ƏSGƏRİNİN də Bayramıdır!
 
ŞƏHİD DƏDƏLƏRİN Ruhunu Şad etməyə qadir OLan, QARABAĞI işğaldan AZAD edib, VƏTƏNİ bütövləşdirmək Missiyasını ləyaqətlə yerinə yetirəcək TÜRK AZƏRBAYCAN ƏSGƏRİ, - BAYRAMIN MÜBARƏK‼️”
 
Bunu biz 2018-ci i 44 günlük savaşdan düz iki il iki həftə öncə yazdıq... Və həm də buna inandıq. Şükürlər olsun ki, Qarabağla bağlı arzularımızın xeyli hissəsinə də çatdıq. Ona görə də hamımız bir-birimizi bu gün münasibətilə təbrik etməliyik.  Bakının bayramı mübarək olsun, şəhidlərimizin ruhu şad olsun! Ordumuz, müzəffər səgərimiz daim qalib olsun, İnşəAllah! Allah millətimizə zaval verməsin!
 Azərbaycanımız əbədi güclü və müstəqil olsun!” - deyə Mirmahmud Mirəlioğlu vurğulayıb.
 
Sultan Laçın 
 
Seçilən
22
2
moderator.az

3Mənbələr