AZ

Yollarda aparılan qazıntılar zamanı yollar tam və ya qismən bağlandığı üçün nəqliyyat iflic vəziyyətinə düşür

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar şəhərin müxtəlif yerlərində tikinti, bərpa işləri, yolların yenidən salınması və s. bu kimi proseslərin aparıldığına şahid oluruq. Amma hər bir tikinti yollarda müəyyən problemlər yaradır, saatlarla davam edən tıxaclara səbəb olur.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində böyük şəhərlərdə aparılan bütün tikinti, təmir işləri yollarda məhdudiyyətlərin yaranmasına səbəb olur və bu məhdudiyyətlər də yollarda nəqliyyat sıxlığı ilə nəticələnir.

Rauf Ağamirzəyev

Ekspert hesab edir ki, yollarda aparılan qazıntılar zamanı yollar tam və ya qismən bağlandığı üçün nəqliyyat iflic vəziyyətinə düşür. Rauf Ağamirzəyevin fikrincə, müasir texnologiyalarla bu kimi problemləri minimum həddə azaltmaq mümkündür.

“Bu üsullardan biri boru-ekran texnologiyasıdır ki, bu texnologiya ilə hətta sıx şəhər mühitində belə yol səthi dağıdılmır və yeraltı qurğuların inşası baş tuta bilir. Belə ki, bu texnologiya ilə borular ardıcıl olaraq hərəkət etdirilib, qoruyucu kontur yaradılır və bu prosesdən sonra torpaq kənara çıxarılıb, tunel daxili işlər görülür. Bu texnologiya yolun yuxarı səthində hərəkəti dayandırmadan işlərin aparılması üçün böyük üstünlüyə malikdir. Yəni təsəvvür edin ki, avtomobil tunelinin inşası ilə paralel olaraq sərnişin qatarları da fasiləsiz olaraq hərəkət edə bilir.

Digər üsul da mikrotunel üsuludur ki, bu prosesin icrası zamanı uzun müddətli kommunikasiya işləri görüldüyü halda yolun yuxarı səthində olan hərəkət məhdudlaşdırılmır. Belə ki, bu proses zamanı şaquli şaxtalar az sahə tutmaqla yanaşı, daha dərin işlərin həyata keçirilməsində böyük rol oynayır”-deyən Rauf Ağamirzəyev vurğulayıb ki, bu proses zamanı hərəkət tam dayandırılmır, vaxt və iqtisadi itkilər azaldılır, eyni zamanda təhlükəsizlik və ekoloji risklərin baş vermə ehtimalı xeyli aşağı düşür. Ekspert qeyd edib ki, paytaxtda artıq bəzi layihələrdə bu üsullardan istifadə edilsə də, şəhərdə olan nəqliyyat sıxlığı da nəzərə alınaraq daha geniş istifadə edilməsi vacibdir.

Rauf Ağamirzəyev bildirib ki, yeni texnologiyaların tətbiqi tikinti prosesi ilə yanaşı, şəhərdəki həyatın keyfiyyətini də yüksəldir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
icma.az

1Mənbələr