AZ

Balığın qiymətinin bahalaşmasının səbəbi budur - İqtisadçı

Bu il, yeni mövsümdə balıq məhsullarının qiyməti kəskin şəkildə artıb. Bildirilir ki, farel balığının bir kiloqramı 13 manat, çupra 19-22 manat, nərə 45 manat, böyük çəkili sudaklar 10 manata, xırda çəkili sudaklar 8-9 manata, çəki balığı 6-8-10 manat arasında təklif edilir. Bazarda ən ucuz xanı balığıdır ki, onun da kilosu 5 manata satılır. 

Adalet.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli ərzaq bazarında qiymətləri bazarın tənzimlədiyini bildirib. Onun sözlərinə görə, təqdim olunan qiymətə məhsul satılırsa və bunu alıcılar alırlarsa, məhsulun qiyməti bu cür təyin olunur:

“Qiymət artımı ötən ildən sürətlənməyə başladı. Çünki hökumət idxal olunan balıqlara 15 faiz rüsum tətbiq etdi. Xaricdən gələn məhsula rüsum tətbiq edəndə avtomatik olaraq daxildəki məhsul da bahalaşır. Çünki onun rəqibi xaricdən gələn balıqdır. Yəni bu bahalaşmanın birinci səbəbi tətbiq edilən rüsumdur və o da indi özünü göstərir”. 

İqtisadçının sözlərinə görə, mal və qoyun ətinin bahalaşması da balıq ətinin bahalaşmasına imkan aradır:

“Çünki bunlar bir-birini əvəz edən məhsullardır. Tutaq ki, vətəndaş zülala olan tələbatını adlarını çəkdiyim məhsullardan alır və bilir ki, qiyməti bahalaşanda digər məhsula da tələbat artır. Üçüncü səbəb odur ki, sahibkarın xərcləri artır və bu da imkan tapdıqca qiyməti yüksəldir. Qiymət yüksələndə alıcı alışı eyni həcmdə davam etdirirsə, onda yeni qiymət tarazlığı formalaşır. Alıcılar bundan narahatdırlarsa, alışlarını azalda bilərlər. Yəni təkcə cəzalandırma üsulu budur”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
27
adalet.az

1Mənbələr