AZ

Ermənilərə “ağrı verən” dağ - Ağrıdağın "erməni kimliyi" ilə nə əlaqəsi?!

Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyanın son açıqlaması bir daha göstərdi ki, İrəvan siyasi elitası hələ də qeyri-realist, işğalçı düşüncədən əl çəkməyib. Oskanyan pasportlardan və dövlət simvollarından Ağrıdağın (Ararat) təsvirinin çıxarılması ehtimalını “təhlükəli güzəşt” adlandıraraq bunun guya “erməni kimliyi” ilə bağlı olduğunu iddia edib.

OSKANYAN.jpg

Əslində isə bu, Ermənistanın ənənəvi siyasətinin — başqa dövlətin ərazisinə göz dikməyin açıq nümunəsidir.

“Araratın dövlət sənədlərindən və simvollarından çıxarılması bizi ən dərin köklərimizdən ayırmaq deməkdir. Bunu Türkiyənin təzyiqi altında etmək — təhlükəli güzəştdir”, - deyə Oskanyan vurğulayıb.

AGRİ.jpeg

Tarixi və coğrafi faktlar birmənalıdır: Ağrıdağ Ermənistanın yox, Türkiyənin ərazisində — İğdır vilayətində yerləşir. Buna baxmayaraq, Ermənistan hələ də başqa dövlətin dağını özünün “milli simvolu” kimi təqdim etməkdə israrlıdır. Dövlət gerbində, pasport möhürlərində və rəsmi sənədlərdə Ağrıdağın təsvirinin istifadəsi beynəlxalq hüquqa və diplomatik qaydalara ziddir. Bu, İrəvanın uydurma “tarixi hüquqlar” üzərində qurduğu siyasətin növbəti təzahürüdür.

Ankara bu məsələdə açıq və qəti mövqe sərgiləyir: Türkiyəyə aid coğrafi obyektlərin Ermənistan tərəfindən dövlət rəmzlərinə daxil edilməsi yolverilməzdir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cür iddialar regionda sülh və əməkdaşlıq üçün əsas maneədir. Əgər Ermənistan həqiqətən qonşuluq münasibətləri və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə başqa dövlətin torpaqlarına göz dikməkdən əl çəkməlidir.

SARHAD

Ermənistanın Ağrıdağ iddiası təkcə simvolik məsələ deyil. Bu, onun tarix boyu yürütməyə çalışdığı ekspansionist siyasətin ideoloji davamıdır. Əvvəlcə “Böyük Ermənistan” xülyası ilə qonşuların ərazilərinə iddia, sonra təhrif olunmuş tarix üzərində qurulmuş miflər və nəhayət, öz vətəndaşlarını da yanlış təsəvvürlərdə yaşatmaq. Bu, regionda real əməkdaşlığa yox, gərginliyə xidmət edir.

Belə iddialar bir daha sübut edir ki, Ermənistan siyasi dairələrində sülhə deyil, revanşist düşüncəyə üstünlük verilir. Halbuki, bugünkü geosiyasi reallıq Ermənistanı seçim qarşısında qoyur: ya əsassız xəyallardan əl çəkib normal qonşuluq münasibətlərinə yönəlmək, ya da özünü beynəlxalq arenada təcrid olunmuş vəziyyətdə saxlamaq.

TOFİQ.jpg

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, Ağrıdağın ərazisi Türkiyəyə aiddir və Ermənistana aidiyyəti olmayan coğrafi məkanlardır:

“Bir ölkə başqa ölkənin toponimlərini, simvollarını özü ilə əlaqələndirirsə, bu nə dərəcədə etikdir? Ermənistanın gerbindən də dağların şəkli götürülməlidir. Çünki bu, ərazi iddiasının olmasına işarədir, digər tərəfdən də oğurluq deməkdir. Əgər Ermənistan bu simvol və şəkillərdən imtina edərsə, səhvini düzəltmiş və Türkiyəyə qarşı sayğı göstərmiş olar. Bir ölkə başqa bir dövlətin ərazisində yerləşən dağın təsvirini öz rəsmi sənədində niyə istifadə etməlidir ki? Milli kimlik belə olur?

Ermənistan böyük xülyalardan, göylərdən yerə enib, qonşulara hörmətlə yanaşmalıdır, bu dağın onlara aidiyyəti yoxdur. Bu baxımdan Ermənistandakı revanşistlərin səs-küy salmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, Ermənistanın dövlət gerbində, sikkələrdə, hotel adlarında, mətbuat orqanlarının emblemlərində və hətta şərablarda Ağrıdağın fiqurlarını görmək mümkündür. Dövlət gerbində istifadəsinin məqsədini isə ümumiyyətlə başa düşmək mümkün deyil! Çünki başqa bir ölkənin ərazisində yerləşən dağı dövlət simvolunda istifadə etmək bu ölkənin ərazisindəki hüquqlara sahib olmağın simvolik ifadəsidir və bu, qəbuledilməzdir. Elm adamları Ağrıdağın ermənilərlə heç bir əlaqəsinin olmadığını, ermənilərin bu bölgəyə gəlməmişdən əvvəl belə “Ararat” adının istifadə edildiyini və Urartu mənbələrində bu adın çəkildiyini bildirirlər.

Şahanə Rəhimli
Musavat.com 

Seçilən
22
1
musavat.com

2Mənbələr