AZ

"Qızıl alaq, gələcəyə yatırım edək" - İnsanlar niyə belə düşünür?

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, gələcəyə ən yaxşı yatırımlardan biri qızıl almaqdır. İnsanlar qızılı yalnız maddi sərvət kimi deyil, həm də psixoloji güvənlik vasitəsi kimi görürlər. Çünki qızıl həm status rəmzi, həm də ənənəvi dəyər daşıyıcısı olaraq nəsillər boyu qorunub saxlanılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Yusif Nəbiyev bildirdi ki, qızıl hazırda öz tarixi rekord qiymətlərindədir. Onun sözlərinə görə, bununla qızıl sanki özü öz yerinə danışır və öz dəyərini isbat edir:

"Qızıl insanlığın iqtisadi münasibətləri yaranmağa başlayan erkən dövrlərdən bəridir ki, ən önəmli əmtəədir. O baxımdan, qızılı “gələcək üçün sərmayə” kimi görmək, əslində çox qədim bir kollektiv yaddaşın nəticəsidir. Pulun dəyərinin dəyişkən olduğu, iqtisadiyyatların tez-tez çökdüyü, inflyasiyanın insanların ciblərini boşaltdığı dövrlər isə hər dəfə təkrar olaraq isbat edib ki, qızıl qızıldır. İstənilən valyuta, dəyərli əşya, məhsul zamanla dəyər itirsə də, qızıl dəyərini saxlamaqdadır. Buna görə də qızıl almaq, tarixən, bir növ “görünməz sosial sığorta” rolunu oynayıbdır. Buna görə bu gün heç bir iqtisadi təhsili və ya anlayışı olmayan bir yaşlı qadın da düşünür ki, bank çökər, manat dəyərdən düşər, amma bu qızıl üzük dəyərini saxlayacaq.  Amma burada nəzərə almağımız lazım olan bir məqam da var. İqtisadi davranışlar təkcə rasional seçimlərin nəticəsi deyillər, onlar eyni zamanda mədəniyyət və ənənələrin içində formalaşırlar. Qızılın simvolik gücü də az deyil. Qızıl həm iqtisadi kapitaldır, həm də mədəni və simvolik kapital. Cəmiyyətdə qızıl sahibi olmaq status, etibar və sabitlik göstəricisi kimi qəbul edilir. Ona görə də insanlar hələ də qızıl yığmaqla təkcə iqtisadi deyil, sosial etibar, şan-şərəf də topladıqlarını düşünürlər".

Sosioloq həmçinin əlavə etdi ki, hər bir təhsilli insana məlum olduğu kimi, qızıl yığmaqla gələcəyin bütün problemlərinin həll olunacağını düşünmək sadəlövhlük olar.

"Müasir iqtisadiyyatda "diversifikasiya" anlayışı var, yəni sərmayəni müxtəlif sahələrə bölmək, çeşidləndirmək. Qızılın öz yeri var, amma bu, gələcək üçün hərtərəfli bir həll deyil. Bütün sərmayəsini qızılda toplamaq inkişafda olan bazar şəraitində bizi nəinki sığortalamaz, hətta geriyə belə apara bilər. Misal üçün 1980-ci ilin əvvəlində bütün sərmayənizlə qızıl almış olsaydınız, düz 2000-ci ilə qədər (20 il) sərvətiniz dəyər itirə-itirə getmiş olacaqdı. 2000-ci ilin əvvəlində sərvətinizin cəmi üçdə biri əlinizdə qalmış olacaqdı. Və bu 20 ildən sonra yenə əlavə 7 il gözləməli olacaqdınız ki, sərmayəniz əvvəlki yerinə qayıtsın. 20-25 il isə böyük müddətdir. Bu müddət ərzində siz sərmayənizə toxunmadan yaşaya biləcəkdinizmi? O sərmayəyə təcili ehtiyacınız olsa, qızıllarınızı yarı qiymətindən də az bir dəyərə satmağa razı olacaqdınızmı? Bunlar hamısı real suallardır. Beləliklə, qızıl yığmağa çalışmaq tamamilə yanlış davranış deyil, amma məhduddur. İnsanların hələ də bu düşüncədə olması əslində iqtisadi institutlara inamsızlıq və tarixi travmalarla bağlıdır. Nəzərə alsaq ki, yaşlı nəsillərimiz Çar Rusiyasının çöküşünü bilirlər, ondan sonra Sovet rejiminin dağıldığına şahid olublar və hər dəfə pullar, yatırımlar tamamilə dəyərdən düşüb, amma qızıl öz "qızıllığını" qoruyub, o halda anlamaq olur ki, xalqımızda niyə belə bir qızıla "söykənmə" ənənəsi var. Əslində insanımız dövlətin sabitliyinə inamsızlığımızı qoruyub saxlayır. Buna görə də dövlətlərdən asılı olmayan bir limana, qızıla söykənir", - deyə müsahibimiz sonda qeyd etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
30
redaktor.az

1Mənbələr