AZ

AQTİ növbəti səriştəlilik sınaqlarının aparılması üçün müraciətlərin qəbuluna başlayıb

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin olunması məqsədilə növbəti səriştəlilik sınağını elan edir. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, budəfəki sınaq su nümunəsində codluq, pH, elektrik keçiriciliyi və E.coli parametrlərinin təyini üzrə aparılacaq.

Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr də həmin standartın tələblərinə uyğun şəkildə həyata keçirilir.

Səriştəlilik sınaqlarında iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq onu [email protected] elektron poçt ünvanına göndərməlidirlər. İştirak üçün son müraciət vaxtı sentyabrın 30-dur.

Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.

Qeyd etmək lazımdır ki, təşkil olunan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü və etibarlılığını təmin etməklə yanaşı, sınaq nəticələrinin keyfiyyətinin yüksəldilməsinə, personalın peşəkar bacarıqlarının təkmilləşdirilməsinə, rutin analizlərin obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və bütövlükdə ölkədə qida təhlükəsizliyi infrastrukturunun inkişafına mühüm töhfə verir.

AQTİ bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
3
sia.az

4Mənbələr