AZ

Özünün xəbəri olmadan 4 ildiri işə götürülüb, maaşını başqası alır... BƏRDƏ SAKİNİ ÇALIŞMADIĞI İŞDƏN ÇIXA BİLMİR

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bərdə rayonu, Həsənqaya kənd sakini Əliyeva Elmira Tarif qızı tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işləmədiyi halda, adına əmək müqaviləsi var:

“Mən, Əliyeva Elmira Tarif qızı, yazaraq xahiş edirəm ki, səlahiyyətli qurumlar mənə kömək etsin. Bildirim ki, indiyədək getmədiyim, şikayətimi ünvanlamadığım qurum qalmayıb. Heç birindən doğru-düzgün cavab ala bilmirəm.

Bu yaxınlarda öyrənmişəm ki, 2021-ci ildən əmək kitabçam var, yəni rəsmi olaraq işləyirəm. Amma bu günə kimi heç vaxt əmək haqqı almamışam. Hansı idarənin və yaxud da şirkətin işçisi olduğumu da bilmirəm. Hüquq-mühafizə orqanları da bunu öyrənə bilmədilər.

Savadsızlığımdan istifadə edib, kimlərsə adımı işə yazdırıb, haqqıma giriblər. Polisə, məhkəməyə müraciət etmişəm, amma müsbət cavab ala bilməmişəm. Polis məni işə götürən Qəniyev Əlikram Qaraş oğlunu tapa bilmədiyini deyir. Adını çəkdiyim şəxs illərdir mənim yerimə əmək haqqı alırmış.

Çətinliklə 2 uşağımı dolandırıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etmişəm. "Məhkəməyə, polisə ver", - dedilər. Məhkəmə də mənə kömək etmədi. 1-2 prosesdən sonra heç məni məhkəməyə çağırmadılar.

Kasıb adamam, bu işi adımdan sildirə bilsəm, başqa işə girib ünvanlı sosial yardım alardım. Səlahiyyətli qurumlardan xahiş edirəm, mənə bu məsələdə kömək etsinlər. 12-14 yaşlarında azyaşlı uşaqlara baxıram, maddi imkanım yoxdur".

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki,  “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) vətəndaş Elmira Əliyevanın adında 03 iyun 2021-ci il tarixli əmək müqaviləsi bildirişi mövcuddur: "Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsində nəzərdə tutulmuş məlumatlar ƏMAS-a daxil edilirdi. Nəticədə, işçinin ƏMAS-a daxil edilmiş bildiriş barədə vaxtında məlumat almaması ehtimalı mövcud idi.

Vətəndaş bu halda əmək müqaviləsinin xitamı və ya ləğvi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün işəgötürənə, həmçinin qeyd olunan hallarla bağlı məhkəməyə müraciət edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanına əsasən, əmək müqavilələri artıq yalnız elektron qaydada bağlanır. Bu proses işçi və işəgötürənin qarşılıqlı razılığı əsasında elektron imza vasitələri ilə həyata keçirilir. Müqavilə imzalanarkən portalda müqavilənin şərtləri göstərilir və işçi razı olduğu halda müqaviləni imzalayır, razı olmadığı halda isə imtina edə bilər.

Ümumiyyətlə vətəndaşlar "e-sosial.az" portalına daxil olaraq rəsmi iş yeri, sosial sığorta və əmək fəaliyyəti barədə məlumatlarla tanış ola bilərlər.  

Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşlara tövsiyə edir ki, əmək müqavilələrini imzalayan zaman əmək müqaviləsində qeyd olunan bütün məlumatlarla tanış olub daha sonra elektron qaydada imzalasınlar. Eyni zamanda "e-sosial" portalındakı məlumatları mütəmadi olaraq yoxlasınlar və hər hansı uyğunsuzluq aşkar etdikdə dərhal aidiyyəti qurumlara və ya məhkəmə orqanlarına müraciət etsinlər. 

Əlavə olaraq bildiririk ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-1-1-ci maddəsində nəzərdə tutulan hallardan başqa xitam vermək səlahiyyəti yoxdur".

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
hurriyyet.az

2Mənbələr