AZ

Yenilənən məktəb şagirdlərin ixtiyarına verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 151 nömrəli tam orta məktəb əsaslı tikinti-təmirdən sonra istifadəyə verilib.

Köhnə binası sökülərək yenidən inşa olunan təhsil müəssisəsi Bilik Günündə məktəb kollektivinin ixtiyarına verilib.  

Yenidən inşa olunan məktəbdə Bilik Günü münasibətilə təşkil olunmuş tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. 

Məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Salehə Məmmədova tədbir iştirakçılarını salamlayaraq yeni tədris ili münasibətilə müəllim-şagird kollektivini təbrik edib, müasir standartlara uyğun inşa olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş məktəbin Bilik Günündə müəllim və şagirdlər üçün ən dəyərli hədiyyə olduğunu bildirib.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli yeni dərs ili münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara yenilənən məktəbdə yeni uğurlar arzulayıb. Təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirən H.Həsənli müasir standartlar səviyyəsində qurulan məktəblərin təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Nazir müavini milli dəyərlərə sadiq, yenilikçi, rəqəmsal dünya ilə ayaqlaşan gəncliyin yetişməsində məktəbin, müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb, şagirdlərin əldə etdikləri bilik-bacarıqları, qazandığı nailiyyətləri Vətənimizin gələcəyi üçün ən möhkəm təməl kimi dəyərləndirib. 

Tədbir şagirdlərin ifasında rəqs nümunələri ilə davam edib. 

Daha sonra qonaqlar yenidən inşa olunmuş təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olublar. 

Tədbir məktəbə ilk qədəmlərini qoyan birinci sinif şagirdinin səsləndirdiyi simvolik "İlk zəng"lə yekunlaşıb və yeni dərs ilinə start verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr