AZ

"107 il əvvəl qurulan dostluq bu gün də davam edir" - HƏRBİ EKSPERT AÇIQLADI

"107 il əvvəl Azərbaycanın paytaxtı Bakı şəhərinin bolşevik–erməni işğalından azad edilməsində Türkiyə ordusunun müstəsna xidmətləri olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün əsası qoyulan tədbirlər nəticəsində Azərbaycan ərazisində erməni və bolşevik silahlılarının mövcudluğuna son qoyulmuşdu: "Qısa müddət ərzində Azərbaycanın dövlət müstəqilliyinin qurulmasında məhz bu qələbə kifayət qədər böyük siyasi və hərbi əhəmiyyət kəsb edirdi. Rus və erməni işğalına son qoyulmadan müstəqilliyimizi bərpa edə bilməzdik.

Türkiyə ilə Azərbaycan arasında 107 il əvvəl qurulan dostluq və qardaşlıq münasibətləri, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da intensiv şəkildə inkişaf etməyə başladı. Bu əməkdaşlıq çərçivəsində Silahlı Qüvvələrimizin inteqrasiyası, birgə təlimlərin keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi nəticəsində Azərbaycan Ordusu 2000-ci illərin əvvəllərindən etibarən böyük döyüş potensialı əldə etdi. 107 il əvvəlki birgə əməliyyat təcrübəsi müasir dövrün tələblərinə uyğun şəkildə hər iki ordunun fəaliyyətində geniş tətbiq olunmağa başladı.

Keçən əsrin ilk 20 illiyində əldə etdiyimiz təcrübəni inkişaf etdirərək Aprel döyüşlərində, sonrakı əməliyyatlarda, o cümlədən Günnüt əməliyyatında, Hadrut döyüşlərində və Vətən müharibəsində daha geniş miqyasda müasir metodlarla uğurla tətbiq etdik. Nəticədə Azərbaycan əvvəlcə ərazi bütövlüyünü, daha sonra sərhəd bütövlüyünü, antiterror əməliyyatından sonra isə tam suverenliyini bərpa etdi".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
34
1
sia.az

2Mənbələr