AZ

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planının icrası ilə bağlı görüş keçirilib

“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” çərçivəsində icraçı qurumlarla görüş keçirilib.

“İki sahil” xəbər verir ki, onlayn formatda təşkil olunan görüşdə aidiyyəti qurumlar tərəfindən hazırlanmış Vahid Fəaliyyət Planının Tədbirlər Planı üzrə indikator cədvəlinin ilkin müzakirəsi aparılıb. İndikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə mexanizmləri, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı sözügedən Fəaliyyət Planının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və hesabatlılıq mexanizmi  barədə ətraflı məlumat verib. Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı metodoloji məsələlər müzakirə edilib, qurum nümayəndələrinin sualları cavablandırılıb.

Görüşdə İİTKM-lə yanaşı, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Seçilən
11
ikisahil.az

1Mənbələr