AZ

Xankəndidəki qətllər, dinc sakinlərə divan tutulması araşdırılır

Bu gün, sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümündə Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdirilib.

Musavat.com-un xəbərinə görə, məhkəmə 9-cu aydır ki, davam edir.

Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Məhkəmə prosesində iş üzrə sənədlər elan olunub. Elan olunan sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.

Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Georqi İsakoviç Sarkisyan ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.

Sənədə görə, Georgi Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olub.

Həmin sənədə görə, şahid qismində dindirilmiş Şahverdi Bəhlul oğlu Səfərov ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.

Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Aleksandr Xaçaturyan ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar.

Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıb.

Sənədə görə, zərərçəkmiş şəxs Əvəz Əli oğlu Abuzərov ifadəsində göstərib ki, 1990-cı ilin avqust ayında Tapdıq Köçəri oğlu Rzayev ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər. Ramiz Salahov, Şükür Qasım oğlu Rəhimov, Atdıxan Məmməd oğlu Sahilov, Osman Mərdan oğlu Səfərov və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar.

Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Ağəli Aydın oğlu Səfərov isə öldürülüb. 1991-ci il sentyabrın 25-də

Kərkicahana növbəti hücum olub. Həmin vaxt Aslan Mərdan oğlu Hüseynov ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açıb Kərkicahan sakini Telman Yelmar oğlu Həsənovu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra məktəbdə müəllimə olan Bənövşə Abduləzim qızı Abuzərovanı, Əfqan Novruz oğlu Tarverdiyevi, Saleh Hüseynqulu oğlu Soltanovu, Nurəddin Musa oğlu Salahovu və başqalarını yaralayıblar. Şəkər Sada qızı Salahovanı isə Qədir Aşot oğlu Balasanyan tərəfindən yaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq İlham Bahadur oğlu Əliyevi qətlə yetiriblər.

Hazırda proses davam edir.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
12
22
musavat.com

10Mənbələr