AZ

Sumqayıtda xəstəxana ərazisində ölü döl tapıldı Hüquqi məsuliyyət və beynəlxalq praktika

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 14-də, saat 14:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə mühafizə polisi tərəfindən ölü döl aşkarlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) faktı təsdiqləyib. Qurumdan bildirilib ki, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib.

TƏBİB-in açıqlamasına görə, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur. Bu səbəbdən də ölü dölün xəstəxananın həyətində necə peyda olduğu hazırda müəmmalı olaraq qalır.

Mütəxəssislərin ehtimallarına görə, ölü döl başqa yerdə dünyaya gələ bilər və daha sonra əraziyə atılıb. Bu isə həm tibbi, həm də sosial baxımdan ciddi pozuntu hesab olunur. Ekspertlər hesab edirlər ki, belə halların qarşısının alınması üçün ginekoloji xidmətlərin monitorinqi və sosial maarifləndirmə gücləndirilməlidir.

Azərbaycan qanunvericiliyinə görə, qanunsuz abortun həyata keçirilməsi və ya tibbi müəssisədən kənarda hamiləliyin sonlandırılması Cinayət Məcəlləsi ilə cəzalandırılır və doğuşdan sonra ölü dölün gizlədilməsi və ya meyitin təhqir olunması da ayrıca cinayət əməli sayılır və məsuliyyət doğurur. Bu səbəbdən hadisənin hüquqi qiyməti yalnız məhkəmə-tibbi ekspertizanın rəyindən sonra bəlli olacaq.

Oxşar hallarda digər ölkələrdə daha sərt və sistemli tədbirlər görülür. Məsələn, Avropa ölkələrində qeyri-leqal abort və ya ölü dölün gizlədilməsi hallarında həm tibbi işçilər, həm də valideynlər məsuliyyət daşıyır. Qanunsuz abort aparan şəxslərə qarşı hətta həkimlik fəaliyyətindən məhrumetmə cəzaları tətbiq edilir.

ABŞ-da isə bir çox ştatlarda abortun qanunsuz icrası cinayət məsuliyyəti ilə yanaşı, həm də yüksək maliyyə cərimələri ilə nəticələnir. Bundan əlavə, ölü dölün gizlədilməsi “ictimai təhlükəsizlik qaydalarının pozulması” kimi ayrıca cinayət tərkibi yaradır.

Qardaş ölkə Türkiyədə isə 10-cu həftədən sonra hamiləliyin sonlandırılması yalnız tibbi göstərişlə mümkündür. Əks halda, bu əməliyyatı həyata keçirənlər və buna razılıq verənlər ciddi cinayət məsuliyyəti daşıyırlar.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda da bu kimi halların qarşısını almaq üçün həm hüquqi tədbirlər sərtləşdirilməli, həm də qadınların sosial dəstəklə bağlı maarifləndirilməsi gücləndirilməlidir.

Hadisə sosial şəbəkələrdə də geniş rezonans doğurub. İctimaiyyət məsələni həm “vicdan, həm də qanun qarşısında faciə” adlandırır və aidiyyəti qurumlardan daha şəffaf açıqlama tələb edir.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaq aparır. Nəticələrin yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
bizimyol.info

1Mənbələr