AZ

Xankəndidə terrora cəhd: Bir olayda iki nüans

Məlum olduğu kimi, ötən gün Xankəndi şəhərinin erməni əsilli sakini terrora cəhd edib. 

1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. O, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır. 

Bu hadisədə iki nüans diqqət çəkir. Birincisi, Azərbaycanda təxribat törətmək istəyən müxtəlif ölkələrin olduğu bir daha bəlli olub. Hətta son hadisənin Rusiya tərəfindən hazırlanma ehtimalı da istisna edilmir. İkincisi isə dəyişməyən erməni xislətidir. İllərdir Xankəndidə azərbaycanlılarla birgə yaşayan Karen Avanesyan vətəndaşlarımıza və ölkəmizə qarşı terrora cəhd edib. Görünür, “Dəmir yumruq” əskik olmamalıdır. 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, baş verən hadisə Karen Avanesyanın ağılsızlığıdır: 

“Bir şəxs Xankəndidə nə isə edə bilməzdi. Orada bütün vəziyyətə tam nəzarət edilir. Yəni onun nəyəsə nail olması mümkünsüz idi. Ümumiyyətlə, mən Karen Avanesyanda bir qədər anormallıq görürəm. O, sadəcə Azərbaycanın humanistliyindən istifadə edərək 4 sandıqcanı və 5 əl qumbarasını götürüb guya nə isə edə biləcəyini düşünüb. Lakin belə bir ehtimal mövcud deyildi. 

Hesab edirəm ki, ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik. Çünki 30 il ərzində həmin ərazilər ermənilər və onlara havadarlıq edənlər tərəfindən nəzarətdə saxlanılıb. Görünür, Qarabağda hələ də basdırılmış xeyli silah-sursat var. Onların tam təmzilənməsi üçün illər lazımdır”. 

Ekspert hadisənin arxasında Rusiyanın olma ehtimallarından da danışıb: 

“Tutaq ki, Rusiya Karen Avanesyana Xankəndidə təxribat etməyi tapşırıb. Axı Rusiyanın təxribatdan sonra həmin terrorçunu Qarabağdan helikopter və ya avtomobillə çıxarmaq üçün imkanları yoxdur. Düzdür, əvvəl belə imkanları var idi. Samvel Babayan, Samvel Şahramanyan və digərlərini bu yolla Qarabağdan çıxarıldılar. 

Lakin indi belə bir ehtimal mümkün deyil. Azərbaycanın sərhədləri sərhədçilərimiz tərəfindən etibarlı şəkildə qorunur. Bundan başqa, Avanesyanın geyimindən də görünür ki, o adam hansı vəziyyətdədir. Normal danışığı və düşüncəsi yoxdur. Həmin erməninin hansısa əlaqələrinin olduğunu da zənn etmirəm. Onun Ermənistan və ya başqa ölkələrlə telefon əlaqəsinin olma ehtimalı çox azdır. Çünki Azərbaycan xüsusi xidmət orqanları onu dərhal ifşa edərdilər”. 

Üzeyir Cəfərov vurğulayıb ki, hüquq-mühafizə orqanları bu məsələni tam araşdıracaq: 

“Karen Avanesyanın hərəkətləri hüquqi müstəvidə qiymətləndiriləcək. Həmin terrorçu hüquq-mühafizə orqanları əməkdaşlarının suallarına cavab verəcək”. 

Seçilən
28
cebheinfo.az

1Mənbələr