AZ

BMU-da yeni tədris ilinin başlanması qeyd olundu - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) 2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.

Modern.az xəbər verir ki, dövlət himni səsləndirildikdən və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən universitetin rektoru Yaqub Piriyev ali məktəbin kollektivinə, tələbə adını yeni qazanan gənclərə səmimi təbriklərini çatdırıb.

Yeni tədris ilinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illiyinə təsadüf etdiyini vurğulayaraq müstəqil Azərbaycanın misilsiz qəhrəmanlıq səhifəsi olan bu zəfərlə xalqımızın daim qürur duyacağını bildirib.    

Yaqub Piriyev rəqabətədavamlı mütəxəssis kimi formalaşmaq üçün hər cür şəraitin yaradıldığı BMU-da son illər aparılan islahatları önə çəkib. Ali məktəbin bu il “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında dünya üzrə ilk TOP minlikdə yer alması xüsusilə qeyd olunub. Universitetə builki qəbul nəticələrinə toxunan rektor 39 ixtisas üzrə plan yerlərinin 97 faiz dolduğunu vurğulayaraq, magistratura səviyyəsi ilə birlikdə ali məktəbə ümumilikdə qəbul olan tələbələrin, habelə BMU-nu seçən yüksəkballı abituriyentlərin sayındakı iki dəfəyə yaxın artımı statistik rəqəmlərlə təqdim edib. Həmçinin bu ildən etibarən BMU-nun bakalavriat səviyyəsinə 7 ixtisas üzrə Cənubi Koreya və Çin universitetləri ilə həyata keçirilən ikili diplom proqramlarına dair zəruri informasiyaları da diqqətə çatdırıb. Cari ildə BMU-nun 30-dan artıq məzununun xaricdə magistratura pilləsini qazanmasını sevindirici hal kimi qeyd edən rektor onların təhsillərinə davam etmələrinə yaradılan şəraiti dövlətimizin savadlı, bacarıqlı nəslə dəstəyinin parlaq ifadəsi adlandırıb.

Sonra tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Nigar Məmmədova, Vüqar Bayramov, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış ediblər. Çıxışlarda Azərbaycanda  təhsil sisteminin hər zaman dövlətin diqqət mərkəzində olduğu, hazırda işğaldan azad edilmiş, böyük quruculuq işləri aparılan  ərazilərimizdə də təhsil infrastrukturunun uğurla yenidən qurulduğu bildirilib.

Tədbir bu il ən yüksək nəticə göstərərək  BMU-nun “İnformasiya texnologiyaları” ixtisasına qəbul olunan Nərmin Talıbovanın çıxışı ilə başa çatıb.

Seçilən
38
4
modern.az

5Mənbələr