AZ

AQTA: Kütləvi tədbirlər zamanı iaşə müəssisələrində qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır

Kütləvi tədbirlər zamanı ictimai iaşə müəssisələrində qida məhsullarının təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim olunması üçün xammalın qəbulundan başlayaraq, saxlanma və emal proseslərinə qədər bütün mərhələlərdə sanitariya-gigiyena tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Xammalların çirklənmədən qorunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanılmalı, soyuducu avadanlıqlar məhsulların xüsusiyyətlərinə uyğun yüklənməli və mal qonşuluğu prinsipinə əməl olunmalıdır. Emal sahələrində döşəmə, divar və tavanların asan təmizlənə bilən materialla üzlənməsi, doğrama lövhələrinin və alətlərin vəziyyəti, həmçinin onların təyinat üzrə ayrılması da çirklənmə riskini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin kütləvi tədbirlər zamanı iaşə müəssisələrində qida təhlükəsizliyi tələbləri ilə əlaqədar hazırlanan videomaterialda bildirilir.

Qeyd edilir ki, qida blokunda çalışan işçilərin şəxsi gigiyenaya əməl etməsi, təmiz, xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi vacibdir. İşçilər işə başlamazdan əvvəl tibbi müayinədən keçməli, əllərində hər hansı bir yara və ya xəstəlik əlaməti olduqda qida ilə təmasdan uzaq tutulmalıdırlar. Əks halda qida məhsulları mikrobioloji çirklənməyə məruz qalaraq insan sağlamlığı üçün təhlükə yarada bilər.

Bundan əlavə, yuma çanaqları da funksiyalarına görə ayrılmalı – işçi əllərinin, qida məhsullarının və alətlərin yuyulması üçün ayrıca bölmələr yaradılmalıdır. Hazır qidaların təhlükəsiz saxlanılması üçün isti və soyuq qidalar üçün uyğun temperatur rejimi təmin edilməlidir.

“Qida təhlükəsizliyi tələblərinə əməl olunmaması insan həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla yanaşı, kütləvi zəhərlənmələrə gətirib çıxara bilər. Odur ki, qida məhsulları ilə davranışda həmin qaydalara əməl olunması vacibdir”,-deyə məlumatda vurğulanıb.

Seçilən
0
2
operativmedia.az

3Mənbələr