AZ

Ermənistan vətəndaşlarının məhkəməsində Kərkicahana hücumlarla bağlı sənədlər elan olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Oxu.Az xəbər verir ki, elan olunan sənədlərdən biri 1988-91-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.
Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Georqi İsakoviç Sarkisyan ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.
Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olublar.
Həmin sənədə görə, şahid qismində dindirilmiş Şahverdi Bəhlul oğlu Səfərov ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.
Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Qurqen Kaprelyan, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Jora Sarkisyanın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıblar.
Sənədə görə, zərərçəkmiş şəxs Əvəz Əli oğlu Abuzərov ifadəsində göstərib ki, 1990-cı ilin avqust ayında Tapdıq Köçəri oğlu Rzayev ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər. Ramiz Salahov, Şükür Qasım oğlu Rəhimov, Atdıxan Məmməd oğlu Sahilov, Osman Mərdan oğlu Səfərov və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Ağəli Aydın oğlu Səfərov isə öldürülüb.
1991-ci il sentyabrın 25-də Kərkicahana növbəti hücum olub. Həmin vaxt Aslan Mərdan oğlu Hüseynov ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açıb Kərkicahan sakini Telman Yelmar oğlu Həsənovu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim Bənövşə Abduləzim qızı Abuzərovanı, habelə Əfqan Novru oğlu Tarverdiyevi, Saleh Hüseynqulu oğlu Soltanovu, Nurəddin Musa oğlu Salahovu və başqalarını yaralayıblar. Şəkər Sada qızı Salahovanın isə Qədir Aşot oğlu Balasanyan tərəfindən yaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq İlham Bahadur oğlu Əliyevi qətlə yetiriblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Seçilən
34
18
oxu.az

10Mənbələr