AZ

Bu şəxslərə də icbari tibbi sığorta çərçivəsində xidmətlər göstəriləcək

Yazını böyüt
Yazını kiçilt

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək.

Belə ki, təklif olunan dəyişikliklərə əsasən sözügedən Qanunun 15-2.1-ci maddəsində həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər əlavə edilib və 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsi çıxarılıb. Eyni zamanda, bu subyekt dairəsinə daxil olan şəxslərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kateqoriyasına aid olması halı da nəzərə alınıb.

Qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, müvafiq Qanuna 15-17.2.3-3-cü maddə əlavə edilərək Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən olunacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Seçilən
0
12
hafta.az

10Mənbələr