AZ

“Ötən il 670 məhkumun tibbi xidmətlərinin icrası mümkün olmayıb”

“Məhkumların tibbi xidmətlərə olan ehtiyaclarının əsasən Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən qarşılanmasına baxmayaraq, zəruri tibbi avadanlıq və müvafiq sahə üzrə işçilərin olmaması səbəbindən bir sıra tibbi xidmətlərin göstərilməsi mümkün deyil. Belə ki, həmin xidmətlərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xidmətlərin maliyyələşdirilməsi ilə bağlı suallar yaradır, ən əsası isə məhkumların tibbi xidmətlərlə bağlı konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb olur”.  

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında danışıb.

“Bir faktı qeyd edək ki, təkcə 2024-cü il ərzində 670 məhkumun müxtəlif radiologiya xidmətlərindən, orta və ağır cərrahi müdaxilələrdən, orta və ağır terapevtik müayinə və müalicələrdən yararlanması zəruri olsa da, müəyyən infrastruktur, avadanlıq və insan resursları baxımından çatışmazlıq səbəbindən bu tibbi xidmətlərin icrası mümkün olmayıb. 

Beləliklə də, məhkumların tibbi xidmətlərlə bağlı hüquqlarının təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən qarşılanması mümkün olmayan tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsi zərurəti yaranır. Bu məqsədlə qanunvericiliyə müvafiq düzəlişlərin edilməsi təklif olunur”, - deyə o qeyd edib. 

Şöbə müdirinin sözlərinə görə, sözügedən şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, Qanuna yeni maddə əlavə olunaraq Xidmətlər Zərfində tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən edilir: “Bu normanın tətbiqi şərtləri də o anlama gəlir ki, qeyd olunan dəyişikliyin qüvvəyə minməsi halında maliyyələşmənin icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcəyi büdcə ili ərzində tibbi xidmət göstərilən şəxslərin sayı 1500 nəfəri aşmamalıdır. Bu rəqəm yaxın illərdə artan dinamika olaraq deyil, məhz rəqəmin sabit qalması şərti ilə təsbit edilir.

Dövlət büdcəsi tərəfindən 2025-ci il üçün ödənilən adambaşı sığorta haqqının 124 manat əsas götürməklə icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişlərinin ümumi məbləğinin 200 min manat olması proqnozlaşdırılır”.

"Cebheinfo.az"

Seçilən
39
3
cebheinfo.az

6Mənbələr