AZ

“Azərbaycan Cümhuriyyəti xadimlərinin baxışında Bakı məsələsi və Bakının azad edilməsi

1918-ci il sentyabrın 15-də Bakının düşmən işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Həmin gün Nuru Paşanın rəhbərliyi ilə türk-azərbaycan hərbi qüvvələri Sentrokaspi Diktaturasını məğlub edərək, Bakının azad olunması kimi şərəfli bir missiyanı parlaq qələbə ilə başa çatdırdı. 

Bakının düşmən işğalından azad edildiyi xəbəri birbaşa Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən Baş nazir Fətəli xan Xoyskiyə göndərilən bir teleqrafla bildirildi. Teleqrafda belə deyilirdi: “Bakı, Allahın köməyi ilə səhər saat 9 radələrində əsgərlərimiz tərəfindən ələ keçirildi”.

O zaman beynəlxalq konfransda iştirak etmək üçün İstanbulda olan Azərbaycan nümayəndə heyətinə bu müjdəli xəbəri Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa vermişdi. Bu haqda Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə yazırdı ki,  “…Qanlı döyüş və şiddətli müqavimətdən sonra qardaşlarının xilası uğrunda can verən mehmetçiyin qəhrəmanlığı türk birliyi tarixinə qızıl hərflərlə yazılacaq bir fədakarlıq nümunəsi oldu və Azərbaycan milli qüvvələri öz paytaxtına daxil oldular. Altı ay boyunca dərd və iztirabla yaşayan İslam aləmi sevincə qovuşdu. Qurban bayramı kimi mübarək bir gündə Bakı yenidən öz sahiblərinin əlinə keçdi. Həmin dövrdə biz İstanbulda idik. Avropa dövlətlərinin iştirakı ilə toplanacaq beynəlxalq konfransda iştirak etmək üçün digər Qafqaz respublikaları ilə birlikdə Azərbaycan Cümhuriyyətini təmsil edən heyətə rəhbərlik edirdik. O zaman hərbi nazir və baş komandanın müavini olan Ənvər paşa telefonla bizə xəbər verdi: 

- Əmin bəy, Bakı alındı! 

Bu qısa xəbərin məndə yaratdığı təsiri ifadə etmək mümkünsüzdür. Mən o hissləri bu gün də unuda bilmirəm”.

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və türk dünyasının ideoloqlarından biri olan Əli bəy Hüseyinzadə Azərbaycan uğrunda Anadolu-Azərbaycan əsgərinin birgə qəhrəmanlığını bu şəkildə qeyd etmişdir: “Bu gün əsgəri gücü və xüsusiyyətləri sayəsində Anadolu, Azərbaycanı ən mənfur bir əsarətdən xilas edir və bu müqəddəs diyarda qanını tökür. Lakin sabah isə Azərbaycan, iqtisadi mənbələri və zəngin inkişaf potensialı vasitəsilə Anadolunu iqtisadi səfalətdən xilas edə bilər. Bu gün bütün dünyanı sarsıdan və təsadüfi hadisələrlə ortalığı qarışdıran üç mühüm cərəyan – imperializm, millətçilik və sosializm – ən dağıdıcı fəaliyyətlərini Qafqazda, xüsusilə Azərbaycanda göstərdilər. Orası bir cəhənnəmə çevrildi. Buradakı türk qardaşlarımız bu müxtəlif, zərərli və sıxıcı cərəyanların təsiri altında çaşqınlıq yaşadılar, nə edəcəyini bilmədilər və məntiqi mühakimələrini itirdilər. Osmanlı türkü onların imdadına yetişməsəydi, məhv olub gedəcəkdilər. Lakin onların məhv olması Anadolu üçün də təhlükə olacaqdı. Azərbaycanın qurtuluşu eyni zamanda Anadolunun hər bir kəndinin qurtuluşu deməkdir. Buna şübhə etməyin. Deyirlər ki, dağ dağa qovuşmaz, insan insana qovuşar. Xeyr, tarixdə elə anlar vardır ki, dağlar da bir-birinə qovuşar. Bu gün Erciyes dağı Qafq dağına qovuşur, qovuşduqca da yüksəlir.” (Ali Bey Hüseyinzade. Hilali-Ahmer qazetesi, 24 temmuz (iyul), 1918).

Bakının erməni-bolşevik və digər işğalçı qüvvələrdən təmizlənməsi millətin əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmışdısa, onun əleyhinə çıxanlar da az olmamışdı. Xüsusilə, Bakıda hakimiyyəti ələ keçirmiş bolşevik-daşnaq güruhi, ona qoşulan bolşevik hümmətçilər və digərləri bu tarixi aktı qəbul etmək istəmirdilər. 

M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Azərbaycan istiqlalının düşmənləri dostlarından çox idi. Türk olmayan bütün rus firqələri və rus təmayülündə olan digər xristian firqələr istiqlal fikrinə tamamilə əks idilər. Rus burjua firqələri Bakı sərvətindən əl çəkmək fikrilə heç bir növlə ülfət edə bilmirdilər”. 

M.Ə.Rəsulzadə təəssüf hissi ilə qeyd edirdi ki, “müsəlman sosialistlərin ələmdarı sayılan “Hümmət” partiyası, başında doktor Nəriman olmaqla, Azərbaycan muxtariyyətinin ən güclü düşməni idilər. “Hümmət”ə görə istiqlalçılar milləti bədbəxtliyə sürükləyir. Azərbaycan fikri — türklük iddiaları — xalqın deyil, guya bəzi burjuapərəst, boşboğaz şəxslərin işidir. Onlar deyirlilər ki, müsəlmanların xoşbəxtliyi “qırmızı əməl bayrağı”nın altında toplanmaq və “Rusiya demokratiyasından ayrılmamaq”dadır’. İslamçıların gözündə isə müsavatçılar haqsızdırlar. Onlaar istiqlal tərəfdarlarını təfriqəçilikdə, milləti — islamı parça-parça bölməkdə ittiham edirdi. Lakin müsavatçılar bütün bu hücumlara və ittihamlara baxmayaraq ‘Yaşasın Azərbaycan!’ deyirdilər”.

Qeyd etmək lazımdır ki, Bakı hələ işğal altında olduğu vaxtlarda Tiflisdə sosialist təbliğatçıları və erməni qəzetləri “Bakı Azərbaycanın deyil, “sərbəst şəhər” (volnıy qorod) olsun” şüarını təbliğ edirdilər. Bu siyasi dairələr və onların təbliğatçıları Avropa siyasi çevrələrinin diqqətini Bakı məsələsinə cəlb etməyə çalışırdılar. Məsələ ilə bağlı İstanbulda nəşr olunan “Tərcüman-ı-Həqiqət” qəzetinin müxbirlərindən biri, İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadənin yanına göndərilərək mövzu haqqında münasibət bildirməsi istənilmişdir. M.Ə. Rəsulzadənin bu məsələ ilə bağlı Tərcüman-ı-Həqiqət qəzetində dərc edilmiş münasibəti, “Azərbaycan” qəzetinin 1918-ci il 3 oktyabr tarixli 5-ci nömrəsində “Bakı məsələsinə dair mülakat (müsahibə)” adı ilə çap olunmuşdur.

M.Ə. Rəsulzadə bu məqalədə Bakının geosiyasi və iqtisadi əhəmiyyətini qeyd etməklə, bu şəhərin Azərbaycan üçün böyük əhəmiyyətin xüsusi olaraq vurğulamışdır. O, qeyd etmişdir ki, : “Bolşeviklərlə azərbaycanlılar arasında axan qan yalnız Azərbaycan müstəqilliyinin təmin edilməsi şərtilə dayandırıla bilər. Bunu biz səmimi qəlbdən arzu edirik. Məqsədimiz qan tökmək deyil, Bakıya sahib olmaqdır. Çünki, əfəndim, Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən hər kəs Azərbaycanın varlığına qəsd etmiş olur. Bakısız Azərbaycan təsəvvür edilə bilməz. Bakı tarixən və hal-hazırda türk şəhəri və müsəlman məskənidir. Gələcəkdə də o, Azərbaycanın paytaxtını təşkil edəcəkdir. Azərbaycan adı nəinki Bakının neft mənbələrindən, həm də dünyanın uzaq guşələrindən ziyarətçi cəlb edən daim yanar təbii atəşlərdən alınmışdır. Azərbaycan bugünkü milli və mənəvi işığını məhz Bakıdan alır. Burası Qafqaz müsəlmanlarının mərkəzi-ürfanıdır. Azərbaycanın həyati qabiliyyətini təmin edən mühüm gəlir mənbələri məhz buradan əldə olunur. Bakı ölkəmizin yeganə limanıdır və Azərbaycanın qapısıdır.

Bakı neftə malik olmadığı dövrlərdə belə, Şimali Azərbaycan üçün mühüm ticarət mərkəzi olmuşdur. İndi də bu əhəmiyyət davam edir. Bunların hamısına əlavə olaraq, Bakı demoqrafik tərkib etibarilə əsasən müsəlman əhalidən ibarətdir. Bakıda mövcud torpaq, əmlak və əhalinin böyük qismi müsəlmanlara məxsusdur. Ətraf kəndlər tamamilə azəri türklərinin məskunlaşdığı müsəlman kəndləridir. Qısacası, İstanbul Türkiyə üçün, Berlin Almaniya üçün, Moskva Rusiya üçün nə deməkdirsə, Bakı da Azərbaycan üçün elədir. Bu qədər aydın olan bir məsələni yenidən müzakirə mövzusu etmək həqiqətən təəccüblüdür. Biz bilirik ki, Bakı bolşevikləri — rus imperialistlərinin Qafqazdakı müavini və yandaşları — azərbaycanlıların haqqını inkar etmək məqsədilə belə düşüncəni qəsdən yayırdılar. Eyni zamanda eşitmişdik ki, Bakı bolşevikləri ingilislər tərəfindən də təşviq edilərək bu mövqedədirlər. Bununla belə, Almaniya hökumətinin bu fikrə razı qalacağını güman etmək olmaz… 

…Bakı məsələsi, əsasən, neftlə bağlı iqtisadi və ticarət əlaqələri çərçivəsində qiymətləndirilməlidir. Neft Azərbaycanın ən böyük ixracat məhsuludur. Şübhəsizdir ki, Azərbaycan xarici sərmayədən istifadə edəcək və bu sərmayənin Bakı ərazisində tətbiqi üçün hər türlü vasitələrlə təshil və təminə çalışacaqdır.  Neftin beynəlxalq əhəmiyyətindən istifadə etmək üçün Azərbaycan hökuməti ilə anlaşmaq mümkün ikən niyə qanlı tədbirlərə əl atılsın? Məncə, Tiflis qəzetlərində yayılan və həqiqətə uyğun olmayan bu şayələri yaymaq lazım deyil. Çünki düşünürəm: əgər sərbəst şəhər elan olunmaqla əldə ediləcəyi təsəvvür edilən ümumi faydalar Azərbaycan hakimiyyəti altında da təmin oluna bilirsə, onda Almaniya diplomatiyası nə səbəbdən əsassız olaraq Azərbaycanın milli həyatına və həyati mənafelərinə qəsd etsin”?  (M.Ə.Rəsulzadə. “Bakı məsələsinə dair mülaqat”, "Azərbaycan", 3 təşrini-əvvəl (oktyabr) 1918, №5).

Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetinin digər bir sayında “Azərbaycan paytaxtı” adlı məqaləsində yazırdı ki, “Rusiya inqilabı zühur etdikdə ilk Zaqafqasiya qurultayı burada toplanıb mərkəzi müsəlman komitəsini burada təsis etmiş, Azərbaycanın muxtariyyət fikri burada möhkəmlənmiş, muxtariyyətçilər buranı Azərbaycan bədəninin ayrılmaz bir hissəsi, paytaxtı elan etmişlər. Bu fikrə qarşı mübarizə edən bütün rusiyaçı firqələr müxtəlif növ və şəkillərlə Bakının Azərbaycan paytaxtı fikrinə qarşı mübarizə etmiş, bu məqsədlə də Bakı türklərinin başına mart faciəsini açmış, bakılı müsəlmanları altı ay tamam təzyiq və əsarət altında saxlamışlar. Nəhayət, Bakını qurtarmaq üçün yeni təşəkkül edən Azərbaycan hökuməti Türkiyə dövlətinə müraciət etmiş, igid qardaşlarımız vaxtında yetişərək Nuru Paşa, Mürsəl Paşa və Xəlil Paşaların komandasında, 1918 sənəsi sentyabr ayının 15-də qanlı bir müharibədən sonra Bakı təkrar əsl sahibi olan Azərbaycan türklərinin əlinə keçmişdir. Bakının işğaldan azad edilməsi Azərbaycan istiqlalının yüzdə doxsanının təmin olunduğu gündür. Bakının əhəmiyyəti bu qısa mütaliədən gördüyümüz kimi yalnız keçmişdə deyil, daha böyük vəzifəsi gələcəkdədir. Əvvəldə Bakının azərbaycanlılar üçün bir amal məbədi olduğunu qeyd etmişdik. Lakin daha doğru və dəqiq ifadə ilə: Bakı türklüyün şahrahı (əsas yolu) üzərində yerləşən, sönməz alovları ilə yanan bir amal məşəlidir ki, hamımızın arzusu onun bütün Azərbaycan və bütövlükdə türklük üçün daim işıq saçmasıdır!” (M.Ə.Rəsulzadə. “Azərbaycan paytaxtı”, "Azərbaycan", 2, 6,19,31 dekabr 1918).

M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində Bakının azad edilməsini, Anadolu və Azərbaycan türklüyünün birliyinin, qardaşlığının simvolu kimi xarakterizə edərək yazırdı: “…Qanlı döyüş və şiddətli müqavimətdən sonra qardaşlarının xilası uğrunda can verən Məhmədçiyin qəhrəmanlığı türk birliyi tarixində qızıl hərflərlə yazılacaq bir fədakarlıq nümunəsi oldu və Azərbaycan milli qüvvələri öz paytaxtına daxil oldular. Altı ay boyunca dərd və iztirabla yaşayan İslam aləmi sevincə qovuşdu. Qurban bayramı kimi mübarək bir gündə Bakı yenidən öz sahiblərinin əlinə keçdi. Həmin dövrdə biz İstanbulda idik… Bir neçə gün əvvəl Almaniya hökumətinin qərarına etiraz etmişdik. Belə ki, Almaniya dövləti bolşevik hökuməti ilə Brest–Litovsk müqaviləsinə əlavə olaraq 18 iyunda bağladığı sazişə əsasən Bakı vilayətinin Kür çayına qədər olan hissəsini ruslara güzəştə gedərək, müqabilində neft imtiyazı əldə etmişdi. Ustadımız Əhməd bəyin ifadəsi ilə desək, bizi bir manata neftə satmışdılar. Bu münasibətlə bizə müraciət edən jurnalistlərə demişdik: “Bakısız Azərbaycan – başsız bədəndir”! Məşhur Gilyotin məngənəsində başı kəsilmək üzrə olan bir insanın xilas edilməsi həyati bir möcüzədirsə, Bakının azad edilməsi də eyni dərəcədə möcüzəvi bir hadisə idi. Həqiqətən də belə idi. Daha sonra bədbəxt bir inqilab (bolşevik işğalı) nəticəsində məzarları unudulan Anadolu mehmetcikləri Bakıda şəhid olmaqla türklüyə yeni bir siyasi varlıq bəxş etdilər. Onların məzarları fiziki olaraq itib getsə də, mənəvi olaraq bütün qəlblərdə yaşayır. Bu qəhrəman şəhidlər yalnız Bakıda deyil, Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən tutmuş Bakıya qədər hər yerdə uyuyurlar. Azərbaycanın hansı bölgəsində elə bir yer var ki, orada belə bir fədakarın məzarı olmasın?! Bəli, Azərbaycanın hər guşəsində şairin təsvir etdiyi kimi “sarmaşıqlı bir məzar” görmək olar. Qızların və gəlinlərin ziyarətgahına çevrilmiş bu məzarlar qardaşlarının köməyinə yetişən “TÜRK” əsgərlərinin məzarlarıdır. (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. (1923), Bakı, 1990. səh. 35-36).

Azərbaycanının görkəmli mühacir ziyalılarından biri olan Hüseyin Baykara da “Azərbaycan istiqlal mücadiləsi tarixi” adlı kitabında Bakının azad edilməsinin əhəmiyyətini vurğulayaraq bu tarixi hadisəni belə təsvir edirdi: “Bakı, 15 sentyabr 1918-ci ildə Osmanlı dövləti türk orduları ilə Azərbaycanın mövcud hərbi və könüllü birləşmələri tərəfindən erməni və rus düşmənlərindən xilas edilmişdir. Osmanlı dövləti bu hərbi yürüşü başlatmaqla Azərbaycan türk xalqının tamamilə məhv olmasının qarşısını almışdır. Bu tarixi əhəmiyyəti böyük və mühüm hadisə Azərbaycan xalqının yaddaşından və hafizəsindən heç vaxt silinməyəcəkdir. Fəxr ediləcək bu hadisələri və hökuməti üçün bu xeyirli nəticəyə çatmağın Azərbaycan xalqı üçün asan olmadığını da burada qeyd etməyə məcburam (Hüseyin Baykara. “Azərbaycan istiqlal mücadiləsi tarixi”. İstanbul, 1975. s. 266).

XX əsr Azərbaycan milli hərəkatının önəmli simalarından biri, siyasi xadim Mirzə Bala Məmmədzadə də özünün “Milli Azərbaycan Hərəkatı” kitabındada Bakının azad olunmasını geosiyasi və iqtisadi tərəfdən təhlil etmişdir. Alman-rus danışıqları və Osmanlı dövlətinin rolu xüsusi qeyd edilmişdir. Mirzə Bala Məmmədzadənin “Bakı uğrunda mübarizə” pyesi 1919-cu il sentyabrın 17-də Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdu.

Qeyd edək ki, Bakının düşmən işğalından azad olunması münasibətilə sentyabrın 16-da türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və yerli azərbaycanlı sakinlər  iştirak edirdilər. 

Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.

Bakının azad edilməsi münasibəti ilə noyabr ayının 10-da Yay klubunun zalında Nuru Paşanın şərəfinə böyük bir ziyafət verildi. Ziyafət törənində çıxış edən Azərbaycanın dövlət rəsmiləri, ziyalılar öz sevgi və təşəkkürlərini ifadə etmişlər.

Ziyafət məclisində görkəmli ədəbiyyatşünas Salman Mümtaz Nuru Paşaya itihaf etdiyi “Öyün millət” şeirini oxumuş, tanınmış aktyor Abas Mirzə Şərifzadə isə Osmanlı generallarına məxsus geyimdə zala daxil olaraq Ənvər Paşanın qiyafəsində monoloq söyləmişdir. Ziyafətdə Baş Nazir Fətəli Xan Xoyski “Ədirnənin fəthi” əsərinin müəllifi Cəfər Cabbarlını Nuru Paşaya təqdim etmişdir.

Ümumiyyətlə, 1918-ci ilin sentyabrın 15-də Bakının erməni-rus və digər işğalçı qüvvələr tərəfindən azad edilməsi təkcə geosiyasi və strateji məsələ deyil, min illiklər boyu Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan bu şəhərin yenidən mənəvi oyanışı və özünütəsdiqi idi. Eyni zamanda Bakı uğrunda döyüş tarixin müxtəlif dövrlərində siyasi rəqib olan Azərbaycan və Anadolu hökumətlərinin ilk dəfə olaraq vahid birlik altında düşmənə qarşı azadlıq mücadiləsi, Azərbaycandan Anadoluya uzanan bir mənəviyyat körpüsü idi.

 

Mübariz AĞALARLI,

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr