AZ

Kiçik ürəklər, böyük arzular: Polis olacam! Həkim olacam! Bağban olacam! - REPORTAJ

Azərbaycanda yeni dərs ili başlayıb - Bilik günü qeyd olunur. On minlərlə uşaq məktəbə, təhsil həyatına ilk qədəmlərini atır.

Modern.az saytının əməkdaşları Bilik günü ilə əlaqədar 189-190 saylı məktəbdə olublar.

Hava payızın ilk nəfəsini gətirsə də, məktəbin həyətində bahar tək bir coşqu vardı. Yenidən zəng səsləri eşidilirdi – məktəb divarları yay sükutundan oyanırdı. 15 sentyabr Azərbaycan təhsilinin ən rəmzi, ən duyğusal günlərindən biridir.

Həyətdəki uşaqlar əl-ələ verib valideynlərinin müşayiəti ilə məktəbə daxil olurlar. Onların bəzisinin əllərində çiçəklər, bəzisinin baxışlarında təəccüb, bəzisində isə təlaş və həyəcan var. Birinci sinif şagirdləri üçün bu gün həm ilk addım, həm də yeni bir həyat mərhələsinin başlanğıcıdır.

İlk dərs gününə gələn uşaqların hər birinin baxışı, hərəkətləri bir-birindən fərqlənirdi. Sevinənlər də, valideynini istəyib ağlayanlar da, yuxulayanlar da vardı.

Gözləri par-par yanan 6 yaşlı Rza məktəbə gəlməyinə çox sevindiyini, amma valideynləri üçün də darıxacağını deyirdi.

Uşaqların təbəssümündə, müəllimlərin baxışlarında bir ümid var – gələcəyin qurulacağına olan inam. Bilik günü sadəcə məktəbə dönüş günü deyil, o, həm də cəmiyyətin gələcəyə atdığı mədəni və mənəvi addımdır.

Ayxan və Fatehin də üz-gözü gülürdü. Böyüyəndə kim olacaqlarını soruşanda əvvəlcə ikisi də "polis!" deyə cavab verdilər. Lakin Ayxan az sonra çoxlu pul qazanmağı hədəflədiyini, bankir olmağı düşündüyünü söylədi.

Sara isə böyüyüb həkim olacağını, babası və anasını müalicə edəcəyini vurğuladı.

Nilay və Turan adlı bacı-qardaş eyni sinifdə və eyni parta arxasında təhsil alacaqlar. Nilay həkim, Turan isə polis olmağı arzulayır.

6 yaşlı Mehdi həmyaşıdlarından fərqli olaraq "məktəbdə qalmaq istəyirsən, yoxsa evə getmək istəyirsən"  sualımıza, təhsil ocağından getmək istəmədiyini vurğuladı. Gələcəyin polisi olacağının deyən Mehdi atası da polis olduğu üçün bu peşəni seçəcəyini söylədi.

Fidan böyüyəndə stamatoloq olacaq.

Maraqlıdır ki, söhbətləşdiyimiz uşaqların demək olar ki, əksəriyyəti - oğlanlar polis, qızlar həkim olmaq istədiklərini deyirdilər.

Yalınz Kamal fərqli cavab verdi. O böyüyəndə bağban olmağı planlaşdırır. Bunu isə torpaq əkib-becərməyi sevməklə izah edir.

Bilik günü ilə əlaqədar 189-190 saylı məktəbdə qürurverici anlardan biri Azərbaycanın üçrəngli bayrağının dalğalanması, himnimizin səslənməsi idi.

Bu gün minlərlə məktəbdə, minlərlə ürəkdə eyni həyəcan, eyni sevinc yaşanır. 15 sentyabr tarixi bizi bir araya gətirən, gələcəyimizə ümid verən bir gündür. Bu gün təhsilin, düşüncənin, inkişafın bayramıdır.

Bilik günü hər bir insanın yaddaşında iz buraxan, ömür boyu unudulmayan bir gündür.

Təhsil həyatınız uğurlu, Bilik gününüz mübarək olsun, əziz birincilər!




 

Seçilən
28
1
modern.az

2Mənbələr