İnvestorlar Nestlé rəhbərliyində böhran səbəbindən şirkətin İdarə Heyətinin sədri Pol Byulkenin istefasını tələb edirlər.
Banker.az-ın məlumatına görə, keçən həftə Nestlé cəmi bir il əvvəl təyin olunmuş baş direktor Loran Freyşeni, tabeliyindəki əməkdaşla münasibətə görə və korporativ qaydaları pozduğuna görə işdən azad edib. Bu, qısa müddətdə postunu itirən ikinci CEO-dur: 2023-cü ildə də Byulkenin təzyiqi ilə Mark Şnayder şirkətdən ayrılmışdı.
İnvestorlar hesab edirlər ki, idarə heyətinin sədri şirkətdə ümumi idarəetmə sisteminin zəifləməsinə görə məsuliyyət daşıyır. Son hadisə isə vəziyyəti daha da gərginləşdirib: Freyşe ilə bağlı araşdırma iki dəfə aparılmalı olub. İlk yoxlama heç bir nəticə verməyib, lakin daha sonra əməkdaşların yeni şikayətləri şirkəti xarici vəkilləri cəlb etməyə məcbur edib və onlar münasibətin həqiqətən mövcud olduğunu təsdiqləyiblər. Bir çox keçmiş və hazırkı top-menecerlər bildirirlər ki, Freyşenin münasibəti şirkətdə “hamıya bəlli sirr” olub və təəccüblüdür ki, bunu idarə heyətinin sədri bilməyib.
Bəzi səhmdarlar tələb edirlər ki, Byulke 2026-cı ilə qədər gözləməsin və dərhal istefa versin. Onun yerinə Inditex-in keçmiş idarə heyəti sədri Pablo Isla gətirilə bilər.
Financial Times yazır ki, narahatlıq yaradan təkcə imic zərbələri deyil, həm də maliyyə göstəriciləridir. 2022-ci ildən bəri Nestlé-nin səhmləri təxminən 40% ucuzlaşıb.