AZ

"App Store"da Allah axtarışı: Milyonlarla insan "ça-bot"lardan ilahi məsləhətlər alır

"Dini texnologiyalar" sənayesi sürətlə inkişaf edir, bu tətbiqlər isə "App Store"un zirvəsinə qalxır...

Poliqon The New York Times nəşrinə istinadən xəbər verir ki, Allahın yolları sirli və anlaşılmazdır, hətta "çat-botlar" vasitəsilə olsa belə. Ən azından, bir çox insan belə düşünür.

Dini tətbiqlərdə on milyonlarla insan mənəvi "ça-botlar"a öz sirlərini danışırlar: xırda qürur hisslərindən ən dərin narahatlıqlarına, əyyaşlıqdan ən qaranlıq istəklərinə qədər hər şeyi bölüşürlər.

Dini mətnlər üzrə təlim keçmiş bu botlar keşişlər, imamlar və ya ravvinlər kimi fəaliyyət göstərərək, istənilən vaxt təsəlli və bələdçilik təklif edirlər. Bəzi platformalarda onlar hətta Allahın bələdçisi olduqlarını iddia edirlər.

"Dini texnologiyalar" sənayesi "ça-botlar" vasitəsilə sürətlə inkişaf edir. Xristian "Bible Chat" tətbiqi 30 milyondan çox yüklənib. Katolik "Hallow" tətbiqi isə "Netflix", "Instagram" və "TikTok"u geridə qoyub. Çində insanlar öz talelərini deşifrə etmək üçün "DeepSeek"dən istifadə edirlər.

Tətbiqlər on milyonlarla dollar investisiya cəlb edir və insanlar illik abunə üçün 70 dollara qədər ödəyirlər. İndi 25 milyona yaxın yüklənməsi olan "Pray" kimi tətbiqlər də "ça-botlar"ı tətbiq edir.

Tətbiq tərtibatçıları bu texnologiyanı bir növ rəqəmsal ruhani xidmət, milyonlarla insana özünü mənəvi cəhətdən ifadə etməyə kömək edən bir vasitə kimi görürlər.

Bəzi dini liderlər, "ça-bot"ların dini icmaları əvəz etmədən, onları tamamlaması şərtilə istifadəsini dəstəklədiklərini bildiriblər. Britaniyadakı reformist hərəkatın lideri ravvin Conatan Romeyn deyir: "Bütöv bir nəsil kilsədə və ya sinaqoqda olmayıb. Ruhani tətbiqlər onların dinə doğru yolu üçün bir vasitədir".

Müəyyən mənada, onlar əlçatanlıq problemini həll edirlər. Minilliklər boyu insanlar mənəvi rəhbərliyə can atıb və mənəvi liderlərlə əlaqə qurmaq üçün bəzən uzun məsafələr qət etməli olurdular. "Ça-botlar" isə hər zaman əlin altındadır.

Ohayo ştatından olan 61 yaşlı Krist Rocers deyir: "Gecə saat üçdə pastoru narahat etməyə dəyməz". O, "YouVersion Bible" tətbiqini bəyənir, lakin mənəvi suallarla tez-tez "ChatGPT"-yə də müraciət edir.

Kiçik tətbiqlər və veb-saytlar "ça-botlar"ı Allah kimi cavab vermələri üçün təlim keçiblər. "ChatwithGod" saytı istifadəçilərə dinlərini və təsəlli, etiraf və ya ilham kimi axtardıqları məzmunu seçməyə imkan verir və fərdiləşdirilmiş cavablar təqdim edir.

"ChatwithGod"un baş direktoru Patrik Laşinski deyir: "Bizə ən çox verilən sual "Mən həqiqətənmi Allahla danışıram?" olur".

"Bible Chat" tətbiqinin həmtəsisçisi Laurentiu Balasanın sözlərinə görə, insanlar onlara müxtəlif problemlərlə müraciət edirlər: "psixi sağlamlıq, rifah, emosional, maliyyə və iş problemləri ilə".

"Pray"ın texniki direktoru Rayan Bek deyir: "Onlar, adətən, dəstək verirlər. Onlar, adətən, həmişə razılaşırlar". Bek vaxtilə dəstə və qeyri-qanuni narkotik alveri ilə məşğul olduğu üçün həbsdə olub. O, imanını bərpa etdikdən sonra ibadəti başqaları üçün əlçatan etməyi özünə məqsəd qoyub. "Həyatda kimə kiçik də olsa dəstək lazım deyil ki?"

Lakin bəlkə də məhz müsbət xarakterinə görə "ça-botlar"ı bir çox insan bəyənir. Detroytdan olan 43 yaşlı bağça tərbiyəçisi Delfina Kollinz "Bible Chat" tətbiqində öz kilsəsindən daha çox dəstək tapdığını bildirir. O, bir dəfə öz sağlamlıq problemlərini dindarlarla paylaşanda qınaqla qarşılaşdığını deyir. "İnsanlar mənimlə danışmağı dayandırdılar", - deyə o, bildirib. "Bu dəhşətli idi".

Tətbiqlərin yaradıcıları iddia edirlər ki, onların tətbiqləri yalnız şəxsi ibadəti və ünsiyyəti tamamlamaq üçün nəzərdə tutulub. Bek deyir: "İnsanlar əvvəlki kimi kilsəyə getmirlər. Lakin bu o demək deyil ki, onlar mənəvi qida axtarışına daha az meyllidirlər. Sadəcə, bunu başqa yollarla edirlər".

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr