AZ

Çinlilər qərarlıdır: 17 min dollara avtomobil satışa çıxarılacaq - FOTO

Almaniyanın Münhen şəhərində bu həftə keçirilən dünyanın ən böyük avtomobil sərgilərindən biri - IAA Mobility sərgisi Çinli elektrikli avtomobil istehsalçılarının güclü iştirakı ilə yadda qalıb. Avropa Birliyinin gömrük rüsumlarına və köklü Avropa avtomobil nəhənglərinə baxmayaraq, Çin istehsalçıları qlobal bazara açılmaq hədəflərini nümayiş etdirib.

Çinli istehsalçılardan Xpeng, Mona seriyası avtomobillərini cəmi 17 min dollara (təxminən 700 min TL) satışa çıxarmağa hazırlaşır. Şirkətin rəhbəri He Xiaopeng bildirib ki, Xpeng gözlənildiyindən daha sürətli böyüyür və 2025-ci ildən etibarən Mona seriyasını Avropa bazarında təqdim edəcək. Bu qiymət isə qitədə ciddi rəqabət yaradacaq.

Uzun müddətdir Tesla-nın liderliyi altında inkişaf edən Avropa elektrikli avtomobil bazarında Çin istehsalçıları aqressiv satış və böyümə planları ilə önə çıxır. Böyük stendlərlə iştirak edən Çin şirkətləri, Avropa Birliyinin gömrük vergilərinə baxmayaraq, diqqət mərkəzinə çevrilib.

Başqa bir Çinli istehsalçı - Guangzhou Automobile Group (GAC) da Avropa üçün hədəflərini açıqlayıb. GAC International prezidenti Wei Haigang bildirib ki, şirkət bu il Avropada təxminən 3 min avtomobil satmağı, 2027-ci ilə qədər isə bu rəqəmi 50 minin üzərinə çıxarmağı planlaşdırır.

GAC həmçinin Aion V və Aion UT modellərini də Avropa bazarına təqdim etməyi nəzərdə tutur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
0
1
milli.az

4Mənbələr