AZ

"Tesla" "dəfn" edilir: Şirkətin əsas problemi - siyasət, yoxsa rəqabət?

Qərb KİV-ləri satışların azalmasını İlon Maskın siyasi baxışları ilə əlaqələndirsə də, "Tesla"nın bazar payının düşməsinin əsas səbəbi fərqli amillərdə gizlənir.

Paralel.az "Unian"a istinadən xəbər verir ki, yayın sonunda "Tesla" pərəstişkarlarını xoşagəlməz xəbər üzüb: iyul ayında şirkətin Avropa İttifaqında satışları 42,4 faiz azalaraq cəmi 6,6 min avtomobil təşkil edib. Əvəzində isə Çin istehsalçısı BYD Avropada satışlarını 206 faiz artıraraq 9,7 min avtomobil satıb və ən güclü rəqibə çevrilib.

Mütəxəssislər bildirirlər ki, "Tesla" artıq uzunmüddətli yüksəlişdən sonra "tavan həddinə" çatıb. Avropada ümumi bazar 7,4 faiz artsa da, "Tesla"nın göstəriciləri geriləyib. ABŞ-da isə şirkətin payı ilk dəfə olaraq 2017-ci ildən sonra 40 faizdən aşağı düşərək 38 faizə enib. Halbuki ölkədə ümumi elektrik avtomobil satışları rekord həddə çatıb.

Şirkətin çətinlikləri 2025-ci ilin əvvəlindən hiss olunurdu: birinci rübdə xalis mənfəət 71 faiz azalıb, ikinci rübdə satışlar 13,5 faiz geriləyib. İlon Maskın böyük ümidlər bəslədiyi "Model Y" bu il dünyada yalnız dördüncü ən populyar model olub.

Hindistan bazarına çıxış da uğursuz alınıb – orada yüksək qiymət səbəbindən cəmi 600-dən bir qədər çox "Model Y" sifariş edilib.

Maskın siyasətə açıq müdaxiləsi, o cümlədən ABŞ-da Donald Trampı, Almaniyada isə "AfD" partiyasını dəstəkləməsi onun reputasiyasına zərbə vurub. Lakin analitiklər hesab edirlər ki, "Tesla"nın əsas problemi siyasi deyil, daha çox rəqabətlə bağlıdır. "Mercedes", "Volkswagen", "Audi", "Porsche" və xüsusilə Çin istehsalçıları bazara yeni modellər təqdim edərək payı ələ keçirirlər. "Tesla" isə son illər yeni modellərlə çıxış etməyib, yalnız əvvəlkiləri modernləşdirib.

Bununla belə, şirkət yeni addımlar atır – yaxınlarda təsadüfən yeni krossover modelinin görüntüləri yayılıb.

Sonda demək olar ki, Tesla üçün böhran əsasən qlobal rəqabətin güclənməsi ilə bağlıdır. Şirkət hələ də bir sıra ölkələrdə populyarlığını saxlayır, amma yeni modellərin olmaması və güclü rəqiblərin çıxışı səbəbindən əvvəlki mövqelərini qorumaqda çətinlik çəkir.(qaynarifo)

Seçilən
0
4
paralel.az

5Mənbələr