AZ

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki...” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı, Parlamentin "Hüquq siyasəti və dövlət quruculuğu” Komitəsinin sədr müavini Elşən Musayevin "Demokrat.az”-a müsahibəsi. 

Müsahibənin əvvəli bu linkdə.

- Mümkündürmü ki, radikal müxalifətin fəallığı həm də son zamanlar media və sosial şəbəkələrdə sıx-sıx rast gəlinən, müzakirə edilən Referendum ehtimalı ilə bağlı olsun?

- Düşünmürəm və deyim ki, heç haqqında danışdığınız kəsimdə də xüsusi fəallıq sezmirəm. Bu, onların həmişəki halıdır. Arada göbələk kimi çıxırlar və az müddət sonra yox olurlar. "Ənənəvi” qaydada. 

- Bildiyim qədərilə onlar partiyalararası dialoqdan da tam kənarda dayandılar.

- Tamamilə doğrudur. Məhz, dayandılar. Yəni, onları kimsə kənarda qoymadı, özləri - özlərini prosesdən təcrid etdilər. Və bununla da  Əli Kərimli, onun "banda”sı bir daha təsdiqlədi ki, onlar dialoqa deyil, təxribat və qarşıdurmaya meyllidir, beyinləri yalnız pozuculuq istiqamətində çalışır və bu səbəbdən də heç bir zaman sivil münasibətlərin yaranmasında, mövcudluğunda maraqlı olmayacaqlar.  

- Digər partiyaların bir-birinə münasibəti necədir?

- Əla. Hətta mən deyərdim, hazırda partiyalararası münasibətlər bütün dövrlərin ən yüksək səviyyəsindədir və bu pozitiv məqam həqiqətən, çox sevindiricidir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, məlum – münbit situasiyanın formalaşmasında siyasi konfiqurasiya dəyişikliyi son dərəcə böyük rol oynayıb. Fikrimi daha dəqiq ifadə etsəm: Prezident Administrasiyasında müvafiq şöbə yaranandan sonra hər kəslə, hətta öz təşkilatının adını unudan partiya sədrləri ilə belə görüşlər keçirildi, hamı ilə eyni, xoşməramlı ünsiyyət quruldu və beləcə əsl, real dialoq mühiti formalaşdı. Hə, bu arada soruşa bilərsiniz ki, əvvəl niyə belə tendensiya, fikir, məram yox idi? Ya da vardısa, inkişaf etdirilmirdi? Ona görə siz soruşmadan, icazənizlə özüm ritorik cavablandırım: Mövcud iqtidar, hakimiyyət hər zaman o arzuda, o istəkdə olub ki, siyasi partiyalar arasındakı münasibətlər indiki kimi sivil xarakter daşısın. Fəqət, nə təəssüf, istək olsa da müxtəlif dövrlədə məlum sahəni kurasiya edənlər öz yerlərində olmayıblar. Məhz kurasiya edənlər! Elə ona görə də müəyyən problemlər illər uzunu yığılıb qalıb və öz həllini gözləyib. Siz təsəvvür edin ki, vaxt vardı, iqtidar adamı müxalifət adamına, ya da tam tərsi: hansısa müxalifətçi iqtidar mənsubuna salam verəndə, onun xeyirinə - şərinə gedəndə aləm dəyirdi bir-birinə, az qala bütün saytlar, sosial şəbəkələr bu barədə danışırdı, yəni, adi, elementar bir icraat böyük hadisəyə çevirilirdi. Üstəlik, nonsens formasında! Bilirsinizmi niyə? Çünki göz öyrəşməmişdi. Çünki, məlum addım həmin dövr üçün - nə qədər qəribə səslənsə də - həqiqətən qeyri-xarakterik idi. İndi isə...biz artıq bərabər bəyanatlar veririk, Qarabağa səfərlər edirik, bir-birimizin tədbirlərində, Qurultaylarında, xeyirində - şərində iştirak edirik. 
 Əvvəlmi yaxşı idi, yoxsa indi? Təbii, indi. Bax, bu səbəbdən deyirəm ki, hazırki münasibətlər son dərəcə qiymətlidir, düzgündür, təqdirəlayiqdir və həmin münasibətlərin formalaşmasında rolu olan hər kəsə bir daha öz sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. 

- Elşən müəllim, maraqlıdır ki, yazılarınıza, açıqlamalarınıza, müsahibələrinizə mediada, saytlarda tez-tez rast gəlsək də, sizi teleməkanlarda, efirlərdə çox nadir hallarda görürük. Bunun səbəbi nədir? Çağırmırlar, yoxsa özünüz getmirsiz? 

- Çox haqlısınız. Efirlərə demək olar, getmirəm. Amma özüm getmirəm və səbəbini də deyəcəm. Mən, təxminən 5 ilə yaxın "Lider TV”də 2 müəllif proqramının həm ideya müəllifi, həm də aparıcısı olmuşam və onda da nə qəribədir, tam tərsi: yazılı mətbuatdan uzaq qalmışdım və bütün dostlar, tanışlar da qınayırdı ki, niyə yazı yazmırsan?  

Bilmirəm, bəlkə də uzunmüddətli efir saatları, bəzən bütöv sutka boyunca aparılan çəkilişlər məni yordu. Ya da mənə elə gəldi. Amma uzaqlaşdım və özümü yazı-pozuya daha çox həsr elədim. Ayrıca, onu da etiraf edim ki, mən yazmağı danışmaqdan daha çox sevirəm.

- Madam ki, söhbət bu məcaraya gəldi, bir sual da verim: Teleməkanın hazırki durumu, gücü, səviyyəsi ən azından bir tamaşaçı kimi sizi qane edirmi?

- Edir. Azərbaycanın efir məkanında maraqlı verilişlər və peşəkar jurnalistlər, aparıcılar, moderatorlar yetərincədir.  
 
- Ən çox bəyəndiyiniz telejurnalist kimdir?

Bunu düşünmədən, gözüyumulu deyə bilərəm: Mirşahin. Şəxsən mənim fikrimcə teleməkanda Mirşahindən nəhəng adam yoxdur və onun nəhəngliyi, böyüklüyü bir tək diksiyasında, üslubunda, savadında deyil, həm də ürəkli və dövlətçil olmağındadır. Yəni, adam nə varsa odur. Efirdə oynamır. Pul, maaş, dolanışıq xətrinə danışmır. Sənətinə vurğundur. Səmimidir. Dürüstdür. Pafossuzdur. Faydalıdır. Və ən əsası: öz meydanında şəkk-şübhəsiz birincidir.

Dövləti, milləti, Prezidenti müdafiə edirsənsə, edəcəksənsə Mirşahin kimi etməlisən. Sanballı. İnandırıcı. Arqumentli. Yox əgər bunu bacarmırsansa, o zaman dayanmalısan kənarda.  Və... inanın, mən bunu elə-belə, sıradan söz kimi demirəm. Çünki, bir baxırsan, kimsə çıxıb debata, guya iqtidarı, hakimiyyəti müdafiə eləməyə. Amma hazırlaşmayıb gəlib. Arxayın gəlib. Qabağındakı da haqsız ola-ola elə şığıyır, elə qışqırır, elə ürəklidir, öz yalanlarını elə diktə edir, "bizimki” haqlı ola-ola düşür zəif duruma, cavab verə bilmir, susur. A kişi, çıxma da debata. Səni kim məcbur edir axı? Nə zülümdür axı? Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin bundan güclü vaxtı olmayıb axı. Sən mövcud iqtidarı indi də müdafiə edə bilməyib, nə vaxt edəcəksən? 

Ayrıca, ən qəribəsi bilirsinizmi nədir? Həmin o haqqında danışdığım adamlar imkan və fürsət düşən kimi daldada Mirşahin kimi istedadları yamanlayırlar. Ki, məsələn, o nə veriliş idi, o nə çıxış idi, o nə ritorika idi və sair, ilaxır. Hərgah, adama deyən lazım: Onun elədiyi pisdir, sən daha yaxşısını ortalığa qoy. O pis danışıb, sən daha yaxşı danış. O pis yazıb, sən daha yaxşı yaz. Eləmirsən axı bunların heç birini. Ancaq gileylənirsən.

Müdrik Heydər Əliyevin ən böyük tövsiyyələrindən biri nə idi? – "Ortalığa mövqe qoyun!”. Çünki o böyük insan, o dahi siyasi xadim çox gözəl bilirdi ki, mövqesiz insanlar ən təhlükəli insanlardır. Ələlxüsus, siyasətdə. Ona görə də əzizim – bəlkə uzun danışdım – amma cavabımın sonuna gəlim: Fərqi yoxdur, hansı sahədə qərarlaşmısan. Siyasətdə, jurnalistikada, yoxsa başqa yerdə. Amma hardasansa orada kişi kimi olmalısan, ortalığa bütün bacarıq və istedadını qoyaraq - olmaİısan. Səmimiyyətinlə - olmalısan. Dürüstlüyünlə olmalısan. Və nəhayət: əgər İlham Əliyevçisənsə - ən yaxşı İlham Əliyevçi olmaq arzusu, iddiası ilə fəaliyyətinə, yoluna davam etməlisən.

- Elşən müəllim, Parlamentdə necədir vəziyyət? Deyəsən tətildən tez qayıtdınız. 

- Parlamentdə də hər şey qaydasındadır və tətildən qayıdış məsələsini də əgər növbədənkənar iclası nəzərdə tutaraq deyirdinizsə,  o zaman məlumat verim ki, biz sentyabrın birindən etibarən işə çıxmışıq. Sadəcə Plenar iclas daha gec başlayır. Qısası,  : tətildən, məzuniyyətdən tez - filan qayıtmamışıq. Əksinə, tam zamanında işə dönmüşük. 

- Bayaq partiyalararası münasibətlərin hazırda son dərəcə yaxşı, keyfiyyətli, təqdirəlayiq olmasından danışdınız. Deputatlar arasında da həmin mehribanlıq, xoş ünsiyyət varmı?

- Bəli, var. Həm də tamlığı ilə. Deputat həmkarlarım hamısı biri-birindən ləyaqətli, hörmətli və səviyyəli insanlardır və mən onlarla sözün gerçək anlamında fəxr edirəm. Eyni zamanda sədrimiz, çox hörmətli Sahibə xanıma da minnətdaram ki, Parlamentdə rəhbər kimi üzərinə düşən missiyanı ən mükəmməl şəkildə icra edir və bizlərə deputat fəaliyyətimiz üçün, öz fikirlərimizi, mövqeyimizi rahat və sərbəst ifadə etmək üçün maksimum şərait yaradır.     

- Yeni qanun layihələri gəlibmi?

- Bəli, gəlib və hətta artıq müzakirələr də başlayıb.

- Demək istədiyiniz nəsə qaldımı?

- Tanrı dövlətimizi, xalqımızı və baş tacımız olan Prezidentimizi qorusun.
 
 

Seçilən
20
2
7news.az

3Mənbələr