AZ

OPEC-in baş katibi: "Neft gələcəkdə də dünya üçün həyati əhəmiyyət daşıyacaq"

"Neft gələcəkdə də həyati əhəmiyyət kəsb edəcək, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2050-ci ilədək iqtisadi inkişaf və əhalinin artımı hesabına tələbatın gündəlik 123 milyon barrelə yüksələcəyi gözlənilir".
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Heysəm əl-Qays OPEC-in yaradılmasının 65 illiyinə həsr olunmuş məqaləsində yazıb: "Gələcəyə baxsaq, neft həyati əhəmiyyət daşıyacaq. "OPEC World Oil Outlook 2025"in qlobal neft bazarının son illik icmalına görə, 2050-ci ilə qədər neftə tələbat gündə təxminən 123 milyon barelə qədər arta bilər. Bu artım, iqtisadiyyatlar genişləndikcə və əhali artdıqca dünyanın daha çox enerjiyə ehtiyacı olması ilə əlaqədardır. Enerji təhlükəsizliyi hər kəs üçün kritik olaraq qalır və neft olmadan ağlasığmazdır", - o yazıb.
 
OPEC-in baş katibi qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdə milyardlarla insan enerji çatışmazlığı ilə üzləşməkdə davam edir. Ona görə də insanların, iqtisadiyyatın və ətraf mühitin ehtiyaclarını tarazlaşdırmaqla bütün növ enerjidən istifadə etməklə bu artımın necə əldə oluna biləcəyini müəyyən etmək həyati əhəmiyyət kəsb edir. Onun fikrincə, əsas diqqət bütün enerji növləri, bütün texnologiyalar və bütün xalqlar daxil olmaqla, inteqrasiya olunmuş yanaşmaya yönəldilməlidir.
 
"1960-cı ildə olduğu kimi, OPEC dünyanın üzləşdiyi enerji çağırışları və imkanlarını həll etmək üçün ölçülmüş və real strategiya yeritməyə davam edir. Eyni zamanda, biz bütün dünyada dövlətlər və insanlar üçün ən yaxşı enerji yollarını müəyyənləşdirməyə çalışarkən bazarı sabitləşdirmək səyləri ön planda qalır", - o qeyd edib.
 
Təşkilatın baş katibinin sözlərinə görə, gələcəyin proqnozlaşdırılması həmişə çətinliklərlə bağlı olsa da, OPEC-in təcrübəsi, enerji və neftə artan tələbat onu göstərir ki, təşkilatın yaxın onilliklərdə əhəmiyyətinin azalması və ya "pik neft" proqnozları ilə bağlı istənilən bəyanatlar ehtiyatla qəbul edilməlidir.
 
"OPEC sabitlik mənbəyi, qlobal enerji sənayesinin strukturunun əsas elementi, neft və neft məhsullarının dünya üçün əhəmiyyətini vurğulayan səs olub və qalacaq", - o əlavə edib.
 
Seçilən
29
10
moderator.az

10Mənbələr