ABŞ-da yaşayan milyarder və “X” platformasının sahibi İlon Mask Böyük Britaniyada keçirilən kütləvi mitinqə videobağlantı ilə qoşularaq diqqətçəkən çıxış edib. O, London parlamentinin buraxılmasını və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edib. Maskın bu açıqlaması Britaniya siyasətinə açıq müdaxilə kimi qiymətləndirilir və geniş rezonans doğurub.
Paytaxt Londonda sağçı hərəkat “Krallığı birləşdirək”in təşkil etdiyi kütləvi mitinq Avropanın son illərdə ən böyük etiraz aksiyası hesab olunur. Təşkilatçı, tanınmış aktivist Tommi Robinson bu nümayişin Avropa tarixində ən iri etirazlardan biri ola biləcəyini bəyan edib. Polis ilkin olaraq 110 min nəfərin iştirak etdiyini açıqlasa da, təşkilatçılar bu rəqəmin 1 milyonu keçdiyini bildiriblər. İnsan axınının çoxluğu nəticəsində mitinqin başlanmasına 2,5 saat qalmış belə London küçələri tamamilə dolmuşdu.
Etirazçılar Britaniya bayraqları qaldıraraq müxtəlif şüarlar səsləndiriblər. Hətta Nyu-Zelandiyadan belə bu aksiyaya qatılmaq üçün gələnlər olub. Tədbirin “X” üzərindən yayımlanan canlı yayımı 300 min izləyici toplayıb. Marş eyni zamanda bu həftə ABŞ-ın Yuta ştatında öldürülən mühafizəkar fəal Çarli Kirkə həsr olunub və iştirakçılar onun fotolarını daşıyaraq adını səsləndiriblər.
Təhlükəsizliyin təmin olunması üçün 1600 polis əməkdaşı səfərbər edilib. Eyni zamanda şəhərdə solçu “İrqçılığa qarşı qalx” hərəkatının təşkil etdiyi “Faşizmə qarşı yürüş” də keçirilib. Onlar qaçqınların hüquqlarının müdafiəsini tələb edən şüarlar səsləndiriblər.
Mitinqin əsas diqqətçəkən məqamı isə məhz İlon Maskın çıxışı olub. Onun “Parlament buraxılsın, yeni seçki keçirilsin” çağırışı Britaniya siyasi gündəmini qarışdırıb və ölkədə yeni diskussiyalara yol açıb.
Musavat.com