AZ

Danimarka gücünü Yunanıstana göstərdi - icmal

C qrupunun növbəti turunda əsas diqqət Pireydəki matça yönəlmişdi.

Yerli Yunanıstan yığması seçmə turnirə evdə Belarus üzərində 5:1 hesablı qələbə ilə başlamışdı. Danimarka isə öz meydanında Şotlandiya ilə qolsuz heç-heçəyə razılaşmışdı.

Yunanlar üçün növbəti ev oyunu uğursuzluqla nəticələndi. Şotlandların sıx müdafiəsini yara bilməyən danimarkalılar Pireydə belə müqavimətlə qarşılaşmadılar. Brayan Ryemerin komandası bir neçə yaddaqalan hücum təşkil edəndən sonra 32-ci dəqiqədə istəyinə çatdı: Damsqor uzaq məsafədən qapıya yol tapdı. Meydan sahiblərini ilk hissədə növbəti qoldan Solakis xilas etdi. Ancaq yunan qapıçı bir saatlıq mübarizə arxada qalandan sonra Andreas Kristensen qarşısında aciz qaldı.

“Barselona”nın müdafiəçisi meydanın mərkəzindən reyd edərək topu qapının küncünə yönəltdi. 81-ci dəqiqədə isə Danimarkanın qələbəsinə şübhə yeri qalmadı: Dorqunun zərbəsindən sonra dirəyə dəyib geri qayıdan topu Höylunn tora qovuşdurdu.

Skandinaviyalılar inamlı qələbə ilə topların daha yaxşı fərqinə əsasən qrupda 1-ci yerə çıxdılar.
Şotlandlar da xalını 4-ə yüksəltdilər. Yunanıstana rüsvayçı məğlubiyyətdən sonra ev oyununu məlum səbəbdən neytral meydanda – Macarıstanın Zalaeqerseq şəhərində, həm də tamaşaçısız keçirən Belarus yığmasının start heyətində bir sıra dəyişikliklər diqqətdən yayınmadı. Buna baxmayaraq, Karlos Alosun komandası üçün nəticə yenə mənfi oldu. Belaruslar Şotlandiya ilə oyunun ilk hissəsində kompakt oyunla rəqibin hücum planlarını böyük ölçüdə poza bildilər. Lakin fasilə ərəfəsində Adams Maktomineyin ötürməsi ilə hesabı açdı.

Nominal ev sahibləri fasilədən sonra fəallaşsalar da, qapı qarşısında real təhlükələr yaratmaqda çətinlik çəkirdilər. Əvəzində britaniyalılar hissənin ortalarında fərqi ikiyə çıxardılar: Gilmorun ötürməsinə uğursuz reaksiya verən Volkov topu öz qapısına yönəltdi. Alosun komandası ardıcıl məğlubiyyətlərlə qrupun sonuncu pilləsində “möhkəmləndi”.

C qrupu
2-ci tur
Yunanıstan – Danimarka 0:3 (0:1)

Yunanıstan: Solakis, Kulierakis, Mavropanos, Simikas, Vayannidis, Kurbelis (Siopis, 64), Zafeyris (İoannidis, 75), Konstantelias (Masuras, 46), Solis (Pelkas, 83), Karetsas (Bakasetas, 46), Pavlidis.
Danimarka: Şmeyhel, Andersen, A.Kristensen, Mehle (Qrenberq, 90),R.Kristensen, Yulmann, Froholdt (Bruun Larsen, 82), Höybyerq, Damsqor (O’Rayli, 83), Skov Olsen (Dorqu, 63), Byeret (Höylunn, 63).
Qollar: Damsqor, 32 (0:1). A.Kristensen, 62 (0:2). Höylunn, 81 (0:3).
Vərəqələr: Kulierakis, 5. Mehle, 68 - sarı.
Hakim: Donatas Rumşas (Litva).
8 sentyabr. Pirey. 31172 tamaşaçı.

Belarus – Şotlandiya 0:2 (0:1)
Belarus: Lapouxov, Karpoviç (Piqas, 46), Parxomenko, Volkov (Demçenko, 72), Zabelin, Peçenin (Malkeviç, 72), Myakiş (Qromıko, 65), Kalinin, Malaşeviç (Melniçenko, 46), Ebonq, Barkovski.
Şotlandiya: Hann, Conston (Hiki, 74), Suttar, Robertson, Makkenna, Makqinn, Gilmor (Maklin, 83), Maktominey (Miller, 90), Adams (Dayks, 83), Ferqyuson, Douk (Kristi, 74).
Qollar: Adams, 43 (0:1). Volkov, 65-öz qapısına (0:2).
Vərəqələr: Douk, 51. Kalinin, 52. Melniçenko, 90+3 - sarı.
Hakim: Nikola Dabanoviç (Monteneqro).
8 sentyabr. Zalaeqerseq. Tamaşaçısız.

1. Danimarka 2 1 1 0 3-0 4
2. Şotlandiya 2 1 1 0 2-0 4
3. Yunanıstan 2 1 0 1 5-4 3
4. Belarus 2 0 0 2 1-7 0

9 oktyabr: Belarus – Danimarka, Şotlandiya – Yunanıstan.

Seçilən
24
1
football-plus.az

2Mənbələr