Elmi tədqiqatlar göstərir ki, demək olar ki, dünyadakı hər kəs ömründə ən azı bir dəfə insan papilloma virusuna (HPV) yoluxur.
Tribunainfo.az Lent.az-a istinadla xəbər verir ki, insan papilloma virusu (HPV) ən böyük virus qruplarından birinə aiddir, onun 200-dən çox tipi məlumdur. Virus əsasən birbaşa təmas yolu ilə keçir və həm dəriyə, həm də selikli qişalara təsir göstərə bilər. Müxtəlif ştammlar ziyansız quruluşlar məsələn, siğillər və papillomalar yarada bildiyi kimi, ağır xəstəliklərə, o cümlədən xərçəng xəstəliklərinə də səbəb olur.
Ən böyük təhlükə yüksək onkogen tipli HPV-lərdir. Onlar hüceyrə dəyişikliklərini stimullaşdıraraq zamanla uşaqlıq boynu, udlaq və digər xərçəng formalarına gətirib çıxara bilər. Problemin əsas çətinliyi ondan ibarətdir ki, infeksiya çox vaxt simptomsuz inkişaf edir və bir çox insan onun mövcudluğundan xəbərsiz olur.
Həkimlərin sözlərinə görə, əksər hallarda immun sistemi virusu özü zərərsizləşdirir və orqanizmə ziyan dəymir. Lakin məhz peyvəndləmə və müntəzəm skrininq müayinələri ağırlaşmaların qarşısını almağın ən effektiv yolu hesab olunur.
HPV dünyada ən geniş yayılmış virus olaraq qalır və onunla mübarizə müasir tibbin əsas çağırışlarından biridir.