Sentyabrın 13-də Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam ümumtəhsil məktəbində Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin adını daşıyacaq minifutbol meydançasının açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə, Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində bütün zəruri addımlar atılır, şəhidlərimizin ailələrinə olan diqqət və qayğı dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqətində və nəzarətindədir.
Taleh Qaraşov yeni açılan minifutbol meydançasında idmanla məşğul olacaq hər bir şagirdimizin Samirin milli komandamızın tərkibində oynamaqla bağlı yarımçıq qalan arzusunu reallaşdırmaq üçün əzmlə çalışacağına, bu məsuliyyəti dərk edəcəyinə inandığını qeyd edib.
Millət vəkili Fariz İsmayılzadə çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan idman siyasəti onun laiqli davamçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhər və rayonlarımızda yeni idman qurğuları tikilir, mövcud obyektlər əsaslı şəkildə təmir olunur. İstifadəyə verilən minifutbol meydançası da şagirdlərimizin sağlam həyat tərzi və idmana olan sevgisini daha da artırmağa xidmət edəcək.
Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov isə hər bir gəncimizin şəhid Samir Allahverdiyevin izindən gedəcəyinə, onun kimi vətənpərvər olacağına olan inamını vurğulayıb.
Şəhid atası Elçin Allahverdiyev çıxışında şəhid adlarının əbədiləşdirilməsindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Daha sonra tədbir iştirakçıları Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam ümumtəhsil məktəbində “Zəfər muzeyi” ilə tanış olublar.