AZ

Nəinki Azərbaycan, dünyanın əksər ölkələri pensiya yaşını artırırlar, yəqin ki, pensiya yaşı yenə artırılacaq – RƏY

Məlum olduğu kimi, son günlər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında aparılan pensiya barədə müzakirə bu istiqamətdə müxtəlif problemləri gündəmə gətirdi. Bildiyimiz kimi, Azərbaycanda pensiyalar sonuncu dəfə 2025-ci il yanvarın 1-dən indeksləşdirilərək 8,1% artırılıb. Bu artım təxminən 1,1 milyon pensiyaçıya şamil olunub. Eyni zamanda minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb. Sosial müavinətlərin məbləğləri isə 2025-ci il iyulun 1-dən Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən artırılıb. Verilən pensiyaların məbləği ilə yanaşı ən çox müzakirə olunan məsələ pensiya yaşı ilə bağlıdır. İnsanlar Azərbaycanda pensiya yaşının azaldılmasını tələb edirlər. Bunun əsas səbəbi əhali arasında pensiya yaşına çatmamış erkən ölüm hallarının artmasıdır. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunda pensiya yaşına çatmamış vəfat edən şəxslərin pensiya kapitalının sonrakı taleyi də sual altınadır. Vətəndaşlar həmin kapitalın vəfat edən şəxsin ailəsinə verilməsini tələb edirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən hüquqşünas Əkrəm Həsənov deyib ki, dünyada pensiya yaşları müxtəlif olsa da, orta hesabla, Azərbaycanda olduğu kimi 65 yaşdır və pensiya yaşının artmasına doğru meyil var, azalma ehtimalı yoxdur:

 

 

“Ötən əsrdə pensiya sistemləri yarananda insan sayının artmasına hesablanmışdı. Azərbaycanda pensiya kapitalı Dövlət Sosial Müdafiə Fondundadır. Biz işləyirik, maaşımızdan məcburi dövlət sosial sığorta haqqı tutulur, bunun hesabına pensiya kapitalı formalaşır. Pensiya yaşı çatanda həmin kapitala uyğun bizə pensiya verirlər. Bu isə indi ödədiyimiz pul deyil. Sabah pensiya yaşına çatanda aktiv əhali hesabına pensiya alacağıq. Aktiv əhali əksər ölkələrdə azalıb. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin sayı azalır. Bizdə də artıq vəziyyət belədir. Əhalinin sayında artım əvvəlki kimi deyil və proqnozlara görə, bizdə də əhalinin sayının artımı azalacaq. Bunun səbəbləri isə çoxdur. Bir sözlə, aktiv insanlar azalanda bizə haradan pensiya verəcəklər? Pensiya yaşı azalsa, deməli, pensiyaya daha tez çıxacağıq. Onda  pensiyaçıların sayı çoxalacaq. Buna görə nəinki Azərbaycan, dünyanın əksər ölkələri pensiya yaşını artırırlar. Yəqin ki, bizdə də yenə pensiya yaşı artacaq. Səbəb budur ki, pul yoxdur, vəssalam”.

 

Sosioloq Lalə Mehralı isə deyib ki, pensiya yaşının aşağı salınması əslində haqlı tələbdir:

 

“İndi insanlar əvvəlki kimi uzunömürlü deyillər. Nadir insanlar var ki, pensiya yaşını uzun müddət keçirə bilir. 15-20 il pensiya alan insanların sayı günü-gündən azalır. Pensiya yaşına çatmayanların sayı isə çoxalır. Buna görə də pensiya yaşının aşağı salınması haqlı iraddır. Bu günlərdə çoxuşaqlı anaların pensiya yaşının aşağı salınması ilə bağlı təklif irəli sürüldü. Bəs ölkədə nə qədər beş uşaq doğub, tərbiyə etmiş qadın var? Bu da müəmmalı məsələdir. Pensiya fonduna toplanan kapitalın geri qaytarılması məsələsi də heç vaxt gündəmdən düşməyəcək. Pensiya yaşını görməyən, amma 20-25 il işləyib, pensiya fonduna pul yığan insanların və onların ailələrinin haqqıdır ki, o pulu geri alsın. Bu pul vətəndaşın özəl mülkiyyətidir. Bankda mühafizə olunan pul kimi pensiya fondunda mühafizə olunan pul da vəfat edənin ailəsinə geri qaytarılmalıdır. Bu məsələlər ölkə qanunvericiliyi ilə idarə olunur deyə pensiya kapitalının ölüm halında geri qaytarılması qanunvericiliyə əsaslanır. Buna görə də qanunvericilikdə dəyişiklik etmək lazımdır. Bu gün dünyada pensiya kapitalını geri qaytaran çoxsaylı ölkə var ki, ölüm halında həmin pul ailəyə qaytarılır. Pensiya məsələsinin bir çox ölkədə sığorta sisteminə əsaslanması o pulun geri qaytarılmasını asanlaşdırır.  Bizim ölkədə belə bir sistem tətbiq olunmadığına görə həmin pul ailəyə qaytarılmır. Ailədə yalnız yetkinlik yaşına çatmayan uşaqlar olarsa, dövlət ailə başçısını itirməyə görə ödəniş edir. Bu da ümumi vəziyyət deyil, fərdi baxış əsasında tətbiq olunur”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 13 Sentyabr 2025, 15:04   
Seçilən
53
pravda.az

1Mənbələr