AZ

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

2016-cı ildəki devalvasiyadan sonra bankların bir çox müştərilərinə etibarı sarsıldı. Xüsusən də dollarla kredit götürən şəxslər öhdəliklərini yerinə yetirə bilmədilər. Nəticədə növbəti illərdə banklar həmin şəxslərə kredit verməkdən imtina etdi. Yəni, həmin şəxslər banklar üçün “pis kredit tarixçəsi”nə sahib olan müştərilərə çevrildilər.

Bəs “pis kredit tarixçəsi”ndən vətəndaş necə qurtula bilər?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib.

Tribunainfo.az xəbər verir ki, A.Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, “pis kredit tarixçəsi” bank və kredit təşkilatlarında vətəndaşın vaxtında ödənilməmiş borcları, gecikmələri və digər maliyyə öhdəliklərini əks etdirən göstəricidir:

“Bu tarixçə “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndə və “Kredit Bürosu”nda toplanır və gələcəkdə kredit almaq imkanlarına birbaşa təsir edir. Vətəndaş ondan xilas olmaq və ya yaxşılaşdırmaq üçün bir neçə addım ata bilər.

Əgər aktiv borc və ya gecikmə varsa, ilk növbədə onu ödəmək lazımdır. Banklar yalnız ödənişlər bağlandıqdan sonra müsbət rəy verməyə başlayırlar.

Amma bəzən kredit restrukturizasiya olunur (müddət uzadılır, faizlər azaldılır, hissəli ödəmə planı qurulur). Bu, gecikmələrin artmasının qarşısını alır. Borcunu vaxtında və tam ödəyən müştəri gələcəkdə müsbət “kredit davranışı” formalaşdırır. Bu, mənfi tarixçəni balanslaşdırır”.

Akif Nəsirli onu da qeyd edib ki, bəzi banklar və kredit büroları rabitə, mobil operator və kommunal ödənişlər barədə məlumatları da nəzərə alır:

“Onları vaxtında ödəmək imicə müsbət təsir edir. “Pis kredit tarixçəsi” birdən-birə silinmir. Kredit Bürosunda məlumat adətən 5-7 il saxlanılır. Bu müddət ərzində müştəri intizamlı maliyyə davranışı göstərsə, mənfi təsir zəifləyir.

Vətəndaş öz kredit tarixçəsini ödənişsiz əldə edə bilər. Əgər orada yanlış və ya artıq qüvvədə olmayan məlumat varsa, kredit bürosuna və ya banka müraciət edərək düzəliş etdirə bilər. Yəni, vətəndaş “pis kredit tarixçəsini” birdən tam silə bilməz, amma öhdəlikləri vaxtında yerinə yetirməklə, yeni düzgün maliyyə davranışları ilə onu yaxşılaşdırmaq və gələcəkdə bankların etibarını qazanmaq mümkündür”.

Seçilən
13
6
tribunainfo.az

7Mənbələr