AZ

"Müəllimlik peşəsi saatla deyil, məsuliyyətlə ölçülür"

"Müəllimlik peşəsi yalnız iş vaxtı ilə deyil, ictimai məsuliyyət və gələcək nəslin formalaşdırılmasındakı rolu ilə də ölçülür".

Bu fikri AzEdu.az-a açıqlamasında "Əməkdar müəllim", sabiq deputat Sona Əliyeva qeyd edib.

Onun sözlərinə görə, müəllimlik sadəcə saat hesabı ilə ölçülən bir iş deyil:

167666

"Emin Əmrullayevin dediyi kimi, “həftədə 4–5 saat dərs deyən də müəllim adlanır, 32 saat dərs deyən də müəllim adlanır” yanaşması əslində müəllim peşəsinin mahiyyətini kiçildən, ictimai hörmətini zədələyən bir ifadədir.

Müəllim dərsdə keçirdiyi vaxtdan əlavə, dərsə hazırlaşır, qiymətləndirir, metodiki materiallar hazırlayır, valideynlərlə işləyir, öz üzərində çalışır. Yəni “həftədə 4 saat dərs” reallıqda yalnız auditoriya vaxtıdır, müəllimin əməyinin tam göstəricisi deyil. İkincisi, bu cür yanaşma təhsil sistemindəki əsas problemi vakansiyaların azlığını, müəllimlərin qeyri-bərabər dərs bölgüsü kimi məsələləri xatırlatmaqla yanaşı, düzgün idarəetmə prinsiplərini də kölgədə qoyur.

Əgər kimsə 4-5 saat dərs aparırsa, bu onun günahı deyil, məktəbin dərs bölgüsünü düzgün planlaşdırmamasıdır. Bu halda müəllimə “yarımçıq peşə sahibi” kimi baxmaq ədalətsizlikdir. "Müəllim" adlandırılan o şəxslər Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan ali təhsil müəssisələrində müəllim ixtisasına yiyələniblər, işə qəbul olunublar və təhsilə də az ya çox öz töhfələrini veriblər.

Üçüncüsü, müəllimlik “səhərdən axşama qədər iş vaxtı olan” bir sahə ilə müqayisə edilə bilməz. Çünki müəllim yalnız fiziki dərs saatı ilə ölçülmür, onun zehni və yaradıcı əməyinin dəyəri var. Bu fikirlər, müəllimlərin sosial statusunu aşağı salmaqla yanaşı, gənc nəslin də müəllim peşəsinə marağını azaldacaq.

Ona görə də, hörmətli nazirin fikirlərinə hörmətlə yanaşsaq da, cəmiyyətə belə mesajların verilməsi düzgün deyil. Müəllim az dərs də apara bilər, çox da. Amma müəllimlik peşəsi eyni dərəcədə qiymətli və məsuliyyətlidir.

Müəllimlik peşəsi yalnız iş vaxtı ilə deyil, ictimai məsuliyyət və gələcək nəslin formalaşdırılmasındakı rolu ilə də ölçülür. Ona görə də təhsil sahəsində rəhbər şəxslərin bu mövzuda açıqlamalarında daha həssas və peşənin nüfuzunu qoruyan yanaşma sərgiləməsi arzuolunandır".

Seçilən
29
azedu.az

1Mənbələr