AZ

“Traktor” üçün 2025/2026 mövsümündə ilk qələbə

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 3-cü tur çərçivəsində “Aluminium Arak”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə cari mövsümdəki ilk qələbəni rəsmiləşdiriblər – 4:1. Meydan sahiblərinin heyətində xorvatiyalı futbolçu Domaqoy Drojdek het-trikə (9, 19 və 41-ci dəqiqələr) imza atıb. Digər qolun müəllifi isə 62-ci dəqiqədə fərqlənmiş albaniyalı Reqi Luşkya olub.

Beləliklə, “Traktor” cari mövsümdə qazandığı 4 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Sepahan”ın qonağı olacaq. Bu qarşılaşma sentyabrın 21-də baş tutacaq. Buna qədər isə İran çempionu Asiya Çempionlar Liqası çərçivəsində BƏƏ təmsilçisi “Şabab Əl-Əhli” ilə üz-üzə gələcək. Bu oyunisə sentyabrın 16-da Dubayda təşkil ediləcək.

error: Məzmun qorunur!
Seçilən
9
2
arena.az

10Mənbələr