"G7-lər vahid bir klubun üzvləridir. Orada təmsil olunan 6 ölkənin ABŞ-ın Hindistan və Çinə yüksək gömrük tarifləri tətbiq etmək istəyinə müsbət yanaşacaqları daha çox ağlabatandır".
Azreform.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı ABŞ-ın G7-dəki müttəfiqlərinə Rusiyadan neft almaqda davam edən Çin və Hindistana qarşı birgə yüksək gömrük rüsumları tətbiq etmək çağırışını şərh edərkən deyib.
Təhlilçi bildirib ki, onların Vaşinqtonun istəyilə vahid qərar verəcəyi istisna deyil:
"Hətta kluba daxil olan digər dövlətlərdən bəziləri bunu istəməsələr belə, Trampın xoşuna gəlmək üçün buna gedəcəklər".
Ekspert bildirib ki, Vaşinqtonun ardınca onun G7 üzrə müttəfiqlərinin də Hindistan və Çinlə bağlı resum tətbiqinə getmələri bu ölkələri geriyə çəkilməyə məcbur edəcək:
"Hindistan və Çinin əhalisi nə qədər çox olsa, habelə Çin nə qədər yüksək inkişaf etsə də, bütün dünya dollara bağlıdır. Neft də həmçinin dollarla alınıb satılır. Bir yandan da təkcə ABŞ deyil, onun G7-dəki digər müttəfiqlərinin də Vaşinqtonun istəyinə qoşulması istər-istəməz Pekinlə Nyu-Dehlini daha çıxılmaz vəziyyətə salacaq. Burada söhbət hansısa bir ölkəyə hansısa gömrük rüsumu tətbiq etməkdən getmir, söhbət Rusiyadan neft alan Hindistan və Çinə məxsus şirkətlərdən gedir. Həmin ölkələrə neft tankerlərlə daşınır. G7 isə öz növbəsində bu tankerlərə sanksiya tətbiq etməklə həmin şirkətlərin rus neftini Hindistan və Çinə daşımaqdan imtina etmələrinə nail ola bilərlər. Bu səbəbdən də Çin və Hindistan müəyyən müddətə Rusiya ilə neft alışı məsələsində məsafə saxlamağa məhkum olacaqlar".
Qeyd edək ki, "Financial Times"ın məlumatına görə, ABŞ G7 ölkələrinə təzyiq edərək, onlardan Rusiya nefti alan Hindistan və Çinə qarşı gömrük rüsumlarını kəskin artırmağı tələb edəcək. Bildirilir ki, sentyabrın 12-də G7 maliyyə nazirləri ABŞ-ın təklif etdiyi yeni tədbirlər paketini müzakirə edəcəklər.
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib: "Çin və Hindistanın Rusiya nefti alması Putinin hərbi maşınını maliyyələşdirir və Ukrayna xalqının mənasız qırğınını uzadır. Bu həftənin əvvəlində biz Aİ-dəki müttəfiqlərimizə açıq şəkildə bildirdik ki, əgər onlar qonşuluqlarındakı müharibəyə son qoymaqda həqiqətən ciddidirlərsə, bizə qoşulmalı və əhəmiyyətli rüsumlar tətbiq etməlidirlər. Bu rüsumlar müharibə bitən gün ləğv olunacaq. Sülh və rifah tərəfdarı olan Tramp administrasiyası buna hazırdır və G7 tərəfdaşlarımız da bizə qoşulmalıdır".
O, planlaşdırılan rüsumların dəqiq rəqəmlərini açıqlamasa da, mənbələr ABŞ-ın 50%-dən 100%-ə qədər tariflər təklif etdiyini deyib.