AZ

Netanyahu İsrailə 7 oktyabr hücumunu Nyu-Yorka 11 sentyabr hücumuna bənzətdi... Mübahisə...


Ramil Hüseynov: “Netanyahunun müqayisəsi kökündən yanlışdır”

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəsmilərinə hücumundan sonra Təl-Əviv hökuməti yeni təhdidlərlə çıxış edib. Qətəri HƏMAS rəsmilərini ölkədən çıxarmağa çağıran baş nazir Benyamin Netanyahu Körfəz ölkəsini hücumların davam edəcəyi ilə hədələyib.

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəsmilərinə hücumundan sonra Təl-Əviv hökuməti yeni təhdidlərlə çıxış edib. Qətəri HƏMAS rəsmilərini ölkədən çıxarmağa çağıran baş nazir Benyamin Netanyahu Körfəz ölkəsini hücumların davam edəcəyi ilə hədələyib.

“Ya onları ölkədən çıxarın, ya da ədalətə təslim edin. Çünki etməsəniz bunu biz edəcəyik” - deyə Netanyahu X sosial media platformasında yayımladığı videomüraciətində bildirib.

Qətər və HƏMAS rəsmilərinin olduğu bütün ölkələrə səslənən Netanyahu HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki qəfil hücumunu 11 sentyabr hücumlarına bənzədib.

Qətərin suverenliyini və beynəlxalq hüququn təməl prinsiplərini pozan hücuma görə dünyanın müxtəlif ölkələrindən İsrailə yönələn qınaqlara gəlincə, Netanyahu deyib: “İndi dünyanın müxtəlif ölkələri İsraili qınayır. Onlar özlərindən utanmalıdırlar”.

Maraqlıdır, HƏMAS-ın 7 oktyabrda qəfil hücumunu 11 sentyabr hadisələri ilə müqayisə etmək nə dərəcədə doğrudur? Tam şəkildə müqayisə aparmaq mümkündürmü? Ümumən nə HƏMAS-a, nə də “Əl-Qaidə”yə haqq qazandırmaq olmaz. Çünki hər iki hadisə zorakılıq aktıdır. Ancaq onları bir-birinə bənzətmək də doğru yanaşma deyil. Ən azından ona görə ki, 11 sentyabrda terror aktının əsas zərbə qüvvəsi hesab olunan “Əl-Qaidə”nin heç bir beynəlxalq hüquqla qorunan hüququ yox idi. Heç bir hüququ olmadığına görə, onun atdığı bu addım ümumiyyətlə başadüşülən deyil. Ancaq Fələstində, onun tərkibi olan Qəzzada yaşayan ərəblərin beynəlxalq hüquqla qorunan hüquqları var. Onların özünün müstəqil dövlət hüququna malik olması var. O baxımdan Fələstin, Qəzza ərəblərinin beynəlxalq hüquqla qorunan haqqa malik olmaları onların 11 sentyabr hücumunun arxasında dayanan qüvvələrlə müqayisə edilməsini qəti şəkildə mümkünsüz edir.

“Məgər 7 oktyabr terroruna görə bütün Fələstin əhalisi günahkardır?”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Netanyahunun müqayisəsi kökündən yanlışdır: “Bəli, hər iki hadisədə terror motivi var. Ancaq yalnız nəticədən çıxış edərək bu qənaətə gəlmək doğru deyil. Əvvəla, “Əl-Qaidə” sırf terror təşkilatı idi və dünyada da belə tanınırdı. “Əl-Qaidə” hansısa icmanı, muxtar qurumu təmsil etmirdi. Fələstinin isə dövlət olmaq hüququnu 1948-ci ildən üzü bəri İsrail pozur, müstəqil dövlət olmağa imkan vermir. Halbuki bu, BMT Baş Məclisinin 29 noyabr 1947-ci il qərarına əsaslanır. Bugünə qədər 147 dövlət Fələstinin müstəqilliyini tanıyıb. Hələ bu yaxınlarda onların sayının artacağı gözlənilir. HƏMAS zorakı metodu seçsə də arxasında müəyyən elektorat, xalq dəstəyi var. 2006-cı ildən Qəzzanın idarəçiliyi HƏMAS-ın əlindədir. Çünki həmin il HƏMAS seçkidə qalib gələrək idarəçiliyi ələ alıb. İsrail isə 7 oktyabr 2023-cü ildə baş verən terrordan sonra indiyə qədər Qəzzada 65 min nəfərə yaxın insan öldürüb. Onların əksəriyyəti mülki insanlar, uşaqlar və yaşlı insanlardır. Məgər 7 oktyabr terroruna görə bütün Fələstin əhalisi günahkardır? Netanyahu törətdiyi soyqırıma haqq qazandırmağa çalışır. Ancaq unudur ki, beynəlxalq məhkəmələr bütün bunlara görə onu ittiham edir. O baxımdan onun müqayisələri tamamilə əsassızdır və nə hüquqi, nə də siyasi dayanağı var”.

Vidadi ORDAHALLI

Seçilən
21
baki-xeber.com

1Mənbələr