AZ

Hava limanında taksilərlə bağlı nə baş verir? - Nəqliyyat eksperti AÇIQLADI

Bakıda hava limanından şəhər istiqamətində yalnız "London Premium" və "Bolt Airport" kateqoriyalı taksilər fəaliyyət göstərəcək. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir. Bildirilir ki, bu taksilərlə gediş haqqı da 20 manatdan başlayır. Faktı təsdiqləyən taksi sürücüləri deyirlər ki, bu qərar vəziyyəti çətinləşdirir. Həmin istiqamət üzrə olan yolun gediş haqqı 5 manat olsa belə, tətbiqdə 20 manat yazılır. Bu da müştəri sifarişinin sayına mənfi təsir edir. 

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu qərar qəti bir qərar deyil, müvəqqəti bir qərardır. Onun sözlərinə görə, bütün şirkətlərə də tapşırılıb ki, öz işlərini daha peşəkar, səmərəli şəkildə qursunlar, hava limanı üçün sifarişlərlə bağlı xüsusi bir kateqoriya yaratsınlar, peşəkar sürücüləri, xarici dil bilgisi olan sürücüləri ora yönləndirsinlər və onlarla bağlı da seçim imkanı yaradılsın:
"Bu, hələ konkret qərar deyil, 20 manatdan başlayacaq, 50 manatdan başlayacaq, elə bir qərar yoxdur. Sadəcə olaraq, hazırkı durumdan həqiqətən hava limanı ərazisində taksi sürücüləri və yaxud da qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər bir xaos, biabırçı bir vəziyyət yaratmışdılar. Yəni, maşına baxırsan, adamın üzünə baxırsan, narkomana oxşayır, dəliyə oxşayır. Maşın tökülüb, dağılır, camaata qiymət oxuyur: 30 manat, 40 manat".

Ekspert mövzuyla bağlı öz təcrübəsini də bölüşdü:

"Mən bir-iki ay bundan qabaq Portuqaliyadan qayıdanda hava limanında səhər idi, saat 5-6 olardı. Yaxınlaşmışam bir taksi durub, cavan oğlandır, sifətindən dana oğrusuna oxşayır. Deyirəm, Bayıla getmək istəyirəm, deyir 25 manat. Deyirəm elə bil bir az çox oldu axı, deyir 30 manat. Belə küçə adamları niyə hava limanında taksi kimi fəaliyyət göstərməlidir? Yəni bu adam konkret küçə adamıdır, küçə tərbiyəsi görmüş adamdır. Bu adamın müştəri ilə danışıq tonuna bax. Sən buna deyirsən ki, qiymət bahadır, bu, qiyməti artırır. Beləsinin qabağına bir sürü heyvanı qatıb, dağlara buraxmaq lazımdır. Bu, hava limanı kimi prestijli bir yerdə, ölkənin əsas qapılarından birində dayanıb gələni, gedəni yoxlamamalıdır, gələnin qabağına, gedənin ardınca qaçmamalıdır. Bu adamı oradan rədd eləmək lazımdır. Yəni belələri tək deyil, orada çoxdur belə mundar insanlar. Ona görə də tamamilə doğru bir qərar qəbul olundu. Orada artıq etik qaydaları bilən, xarici dil bilikləri olan, insanlarla davranış qaydasını bilən insanlar, sürücülər taksi kimi fəaliyyət göstərə biləcəklər və kənardan kimsə sifariş vermək istəyəcəksə, onlar üçün də, yəni bu taksi operatorlarının xüsusi kateqoriyası olacaq və bu kateqoriya üzrə sifariş verə biləcəklər".

Müsahibimizin sözlərinə görə, məsələdən bir az sui-istifadə edənlər, gözdən salmağa çalışanlar var.

"Amma bu bir xidmət sahəsi olduğu kimi keyfiyyətli bir xidmət sahəsinə çevrilməlidir. Yəni burada xaos ola bilməz. Adamın heç bir fərqlənmə nişanı yoxdur. Avtomobili taksiyə yararlı deyil, özü taksiyə yararlı deyil, sifətindən quldurluq yağır. Müştəri ilə danışıq tərzi yox, küçə səviyyəsində, küçə tonunda danışmağı daha üstün tutur. Belə adamı biz aparıb qoymuşuq hava limanında ki, gəl burada Azərbaycan haqqında təəssürat yarat. Xaricdən gələn birinci səni tanısın, desin ki, bunlar niyə belədir? Olmaz belə şeylər. Bu məsələlərə bir az soyuq yanaşmaq lazımdır. Bəzi insanlar bu məsələni hoydu-hoyduya qoyur, qışqırır, bağırır. Məsələnin mahiyyətinə varmaq lazımdır. Məsələnin mahiyyəti odur ki, orada keyfiyyətli, normal xidmət təşkil olunacaq və heç bir şirkət də kənarda qalmayacaq. Başqaları kimi bütün şirkətlər oradan sifariş qəbul eləyə biləcəklər və yaxud da onların avtomobilləri orada dayanıb müştəri gözləyə biləcəklər.

Hər hansı bir məhdudiyyətdən söhbət getmir. Sadəcə, indi qiymət məsələsi tənzimlənəcək, yəqin ki, müəyyən bir hədd müəyyənləşdiriləcək və sair, yəni müəyyən bir addımlar atılacaq. İndi bir az bəli, qarışıq bir vəziyyət yaranıb. Məsələ barədə tam rəsmi açıqlama olmadığına görə, mən də çox istərdim ki, insanlar buna yanlış don geyindirməsinlər", - deyə Elməddin Muradlı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
50
redaktor.az

1Mənbələr