AZ

Adi məktəblərdə nəticələr daha yüksək olur, nəinki liseylərdə - liseylərin sayını artırmağın nə mənası?


Kamran Əsədov: “Hazırda liseylərin əksəriyyəti ödənişli fəaliyyət göstərir, bu isə sosial bərabərliyə müəyyən mənada zərbə vurur”

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib ki, son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfə artıb.

O bildirib ki, gələcəkdə bu tip müəssisələrin sayının artırılması gözlənilir: "Lisey və gimnaziyaların sayı 15-dən 39-a çatdırılıb. Gələcəkdə lisey və gimnaziyaların sayının artırılması nəzərdə tutulub. Məqsəd ölkədə olan 39 lisey sayının 100-ə çatdırılmasıdır. İlkin mərhələdə bu təhsil müəssisələrinin məzun keyfiyyətini görürük. Bir neçə ildən sonra yaxşı kadrları görə biləcəyik".

Nazir qəbul sayından danışıb, amma həmin müəssisələrin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələrə toxunmayıb. Əslində, lisey və gimnaziyaların məzunlarının göstəriciləri daha çox olmalıdır. Halbuki, qəbul statistikasına baxsaq, normal orta məktəblərin şagirdləri daha çox nəticə əldə edir, nəinki liseylərin və gimnaziyaların məzunları.

Gizlin deyil ki, liseylərin çoxu ödənişlidir, yəni onların yaradılması, lisenziya alması da əlavə xərclər tələb edir.

Lisey və gimnaziyaların sayını artırmağa nə ehtiyac var ki? Liseyin açılması yeni lisenziya almaq, müəyyən ödənişlər deməkdi sözsüz ki. Nazirlik liseylərin sayının artırılmasına niyə belə maraq göstərir?

“Mənfi cəhət isə odur ki, say çoxaldıqca keyfiyyətin zəifləməsi risqi mövcuddur”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda liseylərin sayının 100-ə çatdırılması qərarı ölkənin ümumi təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir: “Təhlil göstərir ki, liseylərin fəaliyyət prinsipi ümumi orta məktəblərdən fərqlənir və daha çox seçmə tədris, xüsusi fənlərə yönəlmə, şagirdlərin fərdi qabiliyyətlərinin inkişafına imkan yaradır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində göstərilir ki, lisey və gimnaziyalar xüsusi istedada malik şagirdlərin təlim-tərbiyəsini təşkil etmək üçün yaradılır və onların fəaliyyət istiqaməti ali təhsil müəssisələrinə hazırlıq üzərində qurulur. Belə olduğu halda, liseylərin sayının artırılması sadəcə struktur dəyişikliyi yox, həm də təhsilin məzmununda keyfiyyət dəyişikliyinə yönəlmiş addım kimi çıxış edir.

Statistikaya nəzər yetirdikdə görmək olar ki, hazırda ölkədə fəaliyyət göstərən liseylərin sayı ümumi məktəblərlə müqayisədə çox azdır. 2023-cü ilin məlumatına görə, ümumtəhsil məktəblərinin sayı 4400-dən çox olduğu halda, lisey və gimnaziyaların sayı 50-dən az idi. Bu isə orta hesabla hər 90 məktəbə cəmi bir liseyin düşməsi deməkdir. Halbuki, inkişaf etmiş ölkələrdə, xüsusilə Almaniya və Fransada gimnaziya və lisey şəbəkəsi daha geniş yayılıb və hər bölgədə bir neçə belə təhsil ocağı mövcuddur. Azərbaycanın bu istiqamətdə liseylərin sayını artırması beynəlxalq təcrübəyə uyğun addımdır və sistemli inkişafı təmin edə bilər.

Müsbət tərəf ondan ibarətdir ki, liseylərin sayının artması təhsildə seçmə yanaşmanı gücləndirəcək, istedadlı şagirdlərin daha erkən mərhələdə aşkarlanaraq onlara uyğun tədris mühiti yaradılmasına şərait formalaşdıracaq. Bu, həm də valideynlərin seçim imkanlarını genişləndirəcək, regionlarda şagirdlərin keyfiyyətli təhsilə çıxışını təmin edəcək. Burada Elm və Təhsil Nazirliyinin siyasəti təqdir olunmalıdır, çünki məqsəd təkcə Bakıda deyil, bölgələrdə də lisey şəbəkəsini inkişaf etdirmək, təhsildə bərabərliyi təmin etməkdir”. K.Əsədov vurğuladı ki, nazirliyin planına əsasən, liseylərdə laboratoriyalar, müasir texnologiyalar, əlavə fənlər üzrə dərslər tətbiq olunacaq ki, bu da şagirdlərin universitetlərə hazırlığını gücləndirəcək.

“Mənfi tərəflər də mövcuddur və bunlar nəzərə alınmalıdır. Hazırda liseylərin əksəriyyəti ödənişli fəaliyyət göstərir, bu isə sosial bərabərliyə müəyyən mənada zərbə vurur. Ailələrin maliyyə imkanları zəif olduqda ödənişli liseylərdən kənarda qalırlar. Bu baxımdan “Təhsil haqqında” Qanunun 5-ci maddəsində təsbit olunmuş “təhsilalanların bərabər hüquqluluğu” prinsipi tam təmin edilməlidir. Dövlət büdcəsi hesabına liseylərin sayının artırılması sosial ədaləti qoruyar, yalnız ödənişli sektorun genişlənməsi isə təhsildə imkan bərabərsizliyini dərinləşdirə bilər. Digər mənfi cəhət isə odur ki, say çoxaldıqca keyfiyyətin zəifləməsi risqi mövcuddur. Əgər müəllimlərin seçimi və təlim bazası gücləndirilməsə, liseylərin sadəcə formal təhsil müəssisəsinə çevrilmə ehtimalı yaranar.

Dünya təcrübəsi göstərir ki, liseylər təhsil sisteminin mühüm elementidir. Fransada liseylər şagirdləri ya ali məktəbə, ya da peşə təhsilinə hazırlayır, Almaniyada gimnaziyalar ali təhsilə yönəlik yüksək səviyyəli biliklər verir, Finlandiyada isə liseylər daha çox şagirdlərin maraq və istedadına əsaslanaraq proqramlaşdırılır. Bu ölkələrdə əsas prinsip sayın çoxluğu deyil, keyfiyyətin yüksəkliyidir. Azərbaycan üçün də ən vacib məsələ liseylərin sadəcə açılması yox, onların real keyfiyyət göstəricilərinin təmin edilməsidir.

Müqayisə baxımından Gürcüstan və Ermənistan kimi qonşu ölkələrdə lisey və gimnaziya şəbəkəsi daha məhdud miqyasda fəaliyyət göstərir. Məsələn, Gürcüstanda lisey tipli məktəblər əsasən paytaxt Tbilisidədir və regionlarda geniş yayılmayıb. Ermənistan da bu sahədə zəif inkişaf etmiş ölkələrdəndir. Azərbaycanın isə 100 lisey hədəfi regionda liderlik deməkdir və bu, ölkənin təhsil sisteminə rəqabət üstünlüyü gətirəcək”.

K.Əsədovun fikrincə, nəticə etibarilə, liseylərin sayının 100-ə çatdırılması planı ölkədə ümumi təhsil siyasətində pozitiv addım kimi qiymətləndirilməlidir. “Bu, Elm və Təhsil Nazirliyinin təhsildə keyfiyyət artımına yönəlmiş ardıcıl strategiyasının göstəricisidir. Nazirliyin bu sahədə həvəsi və təşəbbüskarlığı tərifəlayiqdir. Gələcəkdə əsas vəzifə liseylərin say artımı ilə yanaşı, onların tədris keyfiyyətinin qorunması, dövlət büdcəsindən maliyyələşən liseylərin payının artırılması və sosial bərabərliyin tam təmin olunmasıdır. Əgər bu şərtlər ödənilərsə, liseylərin genişləndirilməsi Azərbaycanın təhsil sistemində yeni inkişaf mərhələsi olacaq və ölkənin insan kapitalının güclənməsinə mühüm töhfə verəcək”-deyə K.Əsədov vurğuladı.

İradə SARIYEVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr